16 aprel 2024 02:36
366

Xankəndi hərbi xuntanın ölümsaçan qalıqlarından təmizlənir

Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndidəki separatçı xunta rejimi 2023-cü ilin sentyabr ayında 23 saat davam edən lokal antiterror tədbirlərindən sonra tarixin zibilliyinə atıldı. Ölkə­mizin ərazisində ikinci erməni döv­ləti qurmaq istəyən xunta rejiminin rəhbərləri bir-birinin ardınca həbs olundular. Antiterror əməliyyatını beynəlxalq hüququn, həmçinin  Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi kimi xarakterizə edən Prezident İlham Əliyev ötən ilin 15 oktyabrında Xankəndinin mərkəzində üçrəngli Bayrağımızı ucaltdı. Xankəndi onun simasına xələl gətirən yad ünsürlərdən, yəni hayların uydurma tarix yazmaq cəhdlərinin rəsmiləşdiyi "parlament",  eyni zamanda insanlığa qənim kəsilmiş daşnak ideologiyasının təcəssümlərindən sayılan "azadlıq döyüşçüləri” binalarından təmizləndi.

Qısa zaman kəsiyində bu şəhərdə bir sıra mühüm tədbirlər də təşkil edildi. Hətta ötən ilin  noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı, dekabrın 21-də bu şəhərin yenidən inşa edilmiş stadionunda “Qarabağ” və MOİK komandaları arasında Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu, bu ilin fevral ayında prezident seçkiləri, həmçinin Xankəndi - Bakı ultra marafonu keçirildi. Martın 18-də isə Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı. Bu mənada demək olar ki, Xankəndidə bir-birinin ardınca tarixi anlar yaşandı.

Azərbaycan qanunlarının işlədiyi, mərkəzi hakimiyyətin idarə etdiyi, dövlət qurumlarımızın fəaliyyət göstərdiyi Xankəndiyə bu il möhtəşəm qayıdışımız başlayacaq. 2024–2025-ci tədris ilində Qarabağ Universitetində 1000 tələbənin təhsil alması da planlaşdırılır. Şübhəsiz, bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir.

Bütün bunlara baxmayaraq separatçıların gizlətdikləri hərbi sursatların aşkarlanması ilə  bağlı müəyyən çətinliklər var. Belə ki, Xankəndi şəhəri ərazisində yerləşən müəyyən  binalarda və digər məkanlarda xeyli sayda partlayıcı qurğular, eləcə də silah-sursat aşkarlanır. Yəni,  Xankəndi şəhərində elə bir mülki obyekt yoxdur ki, orada döyüş ləvazimatı-silah aşkarlanmasın. Hətta Xankəndidə pianinonun içində ermənilər tərəfindən qoyulmuş qumbara, uşaq bağçasının zirzəmisində isə xeyli silah-sursat aşkar edilib.

Hər aşkar edilən belə təhlükəli qurğular Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin nümayəndələri və polis əməkdaşları tərəfindən zərərsizləşdirilir,  bununla da  ərazilərin təhlükəsizliyi təmin edilir. Bəli, uzun illər idi ki,  Xankəndi de-fakto qanunlarımızın işləmədiyi, separatizmin at oynatdığı, şeytanların fəaliyyət göstərdiyi  "boz zona"ya çevrilmişdi. Terrorçuların, hərbi canilərin idarə etdiyi bu şəhərdən bütün çirkin məqsədləri üçün istifadə edilirdi. Amma Azərbaycan düşünülmüş siyasəti ilə onların özbaşınalıqlarına birdəfəlik son qoydu. Prezident İlham Əliyevin dediyi kimi, artıq ərazilərimizdə "boz zona"lar yoxdur. Onlardan qalmış bəzi “miras”lar var ki, onlar da təmizlənməkdədir. Belə ki,  müharibə qalıqlarının, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, keçirilən tədbirlərlə aprelin 13-də və 14-də Xankəndi şəhəri ərazisindən 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 2 tüfəng, 15 qumbara, 6 ədəd alışdırıcı, 68 patron darağı, 6316 ədəd müxtəlif çaplı patron, 5 ədəd süngü-bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb. Yeri gəlmişkən, indiyədək bu şəhərdə on minlərlə hərb-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin  məlumatlarında bildirilir ki,   təkcə aprel ayının ilk günündən bu günədək Xankəndidə polis əməkdaşlarımızın keçirdikləri tədbirlər nəticəsində 74  ədəd müxtəlif markalı avtomat silah, 583 patron darağı, 19900 ədəd müxtəlif çaplı patron, 92 ədəd qumbara, 4 ədəd pulemyot və  digər hərbi sursatlar aşkar olunaraq götürülub. Bu, bir daha sübut edir ki, antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin  əməkdaşları Xankəndidə də qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Qvami Məhəbbətoğlu, “İki sahil”