16 aprel 2024 01:57
321

Milli təhlükəsizlik fenomeni

Suverenliyi və ərazi bütövlüyü tam bərqərar olunmuş Azərbaycanın sabit, dayanıqlı inkişafı, təhlükəsizliyinin təmin olunması xüsusilə diqqət çəkir

Rusiya-Ukrayna, İsrail-İran müharibələri, Afrikada gərginliklər və s. hadisələr dünyada hərbi-siyasi qarşıdurmaların artıq pik həddinə çatdığını göstərir. Bu qarşıdurmalar yüz minlərlə insanın ölümünə, milyonlarla insanın əlil olmasına, həmçinin on milyonlarla insanın öz doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb olur. Bütün bunların nəticəsində qlobal iqtisadi böhran dərinləşir, dünya əhalisi ərzaq çatışmazlığı təhlükəsi ilə üz-üzə qalır, o cümlədən inkişaf etmiş dövlətlərin belə yanacaq ehtiyatı getdikcə tükənir. Bütün bunlar dünyada enerji qiymətlərinin bahalaşması ilə müşayiət olunur.

Bu hadisələrin fonunda ərazi bütövlüyünü və suverenliyini bərqərar etmiş Azərbaycanın sabit, dayanıqlı inkişafı, təhlükəsizliyinin təmin olunması diqqət çəkir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən sabit və təhlükəsiz dövlətlərindən birinə çevrilib. Son illərdə süni surətdə yaradılmış Qarabağ münaqişəsinin tarixin arxivinə atılması Azərbaycanın təhlükəsizliyini daha da möhkəmləndirib.

Bu gün Azərbaycan Cənubi Qafqazın siyasi-iqtisadi mərkəzi sayılır. Bütün bu resurslardan uğurla istifadə edilməsi sayəsində Azərbaycanın müdafiə sənayesi, Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti təkmilləşdirildi, ordumuzun arsenalının möhkəmləndirilməsi istiqamətində bir çox islahatlar həyata keçirildi. Atılan addımlar nəticəsində Azərbaycan Ordusu Vətən müharibəsi və lokal antiterror tədbirləri zamanı Ermənistan ordusuna ağır zərbələr vuraraq öz suverenliyini və ərazi bütövlüyünü bərqərar etdi.

Azərbaycan Ordusunun bu uğurları bütün dünyaya səs saldı. Sübut olundu ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır. Xalqımız bu tarixi qələbələri artıq bir neçə ildir ki, böyük sevinc hissi ilə qeyd edir, keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar. Qarabağ və Şərqi Zəngəzurda böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Bu tədbirlər nəticəsində şübhə yoxdur ki, azad edilmiş ərazilərimiz dünyanın ən gözəl məkanına çevriləcək. Həmçinin Böyük Qayıdış layihəsi çərçivəsində bu ərazilərə köçürülən əhalinin işlə təminatı dövlətimizin qarşısında duran prioritet məsələlərdəndir. Bu ərazilərdə çoxsaylı yeni müəssisələr inşa edilir, keçmiş məcburi köçkünlər yüksək məvacibli işlərlə təmin olunurlar. Həmçinin Azərbaycanın digər bölgələrində də dəyəri milyardlarla dollar olan böyük layihələr reallaşdırılır, böyük abadlıq-quruculuq işləri uğurla həyata keçirilir, yeni magistral və qəsəbədaxili yollar çəkilir. Bütün bunlar imkan verir ki, Azərbaycan xalqı tam təhlükəsiz şəraitdə və rifah içində yaşasın.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində keçirdiyi xoşbəxtlik hissini belə ifadə etdi: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Təbii ki, bəzi dövlətlərin, beynəlxalq təşkilatların və siyasətçilərin anti-Azərbaycan mövqeyi erməni lobbisinin əvvəlcədən bizim haqqımızda həmin dairələrdə formalaşdırdığı yanlış rəylə bağlıdır. Həmin ölkələr və onların siyasətçiləri də o tələyə düşərək anti-Azərbaycan mövqeyi tuturlar. Məsələn, Fransa əvvəllər ATƏT-in Minsk qrupunun həmsədri kimi özünü guya “bitərəf” aparırdı. Ancaq müharibə dövründə və savaşdan sonra Fransanın maskası yırtıldı və onun açıq-aşkar anti-Azərbaycan mövqeyi faş oldu. Bir sıra Avropa ölkələrində bəzi siyasətçilər anti-Azərbaycan mövqeyi tuturlar, ancaq onlar marginal qüvvələrdir. Amma Fransada konkret olaraq anti-Azərbaycan mövqeyi bütün dövlət qurumlarında var. Bu da şübhəsiz ki, onların uzun illər ərzində dünya erməniliyinə himayədarlıq etmələrindən qaynaqlanır. Vaxtilə beynəlxalq kriminal qruplar, dünya erməniliyi, onların havadarlarının bir növ əlində olan resurs – yəni, torpaqlarımızın qanunsuz istismarı, əlbir olmaqla həyata keçirdikləri qanunsuz fəaliyyət, narkotiklər, insan və orqan alveri, eləcə də digər məsələlər Qarabağda “çiçəklənirdi”. İndi bundan məhrum olublar və bu səbəbdən də təşvişə düşüblər. Ona görə də Fransanın məlum mövqeyi məhz bundan qaynaqlanır. Həm də əvvəlcədən onlar Ermənistanın işğalçı siyasətini dolayı yolla dəstəkləmişdilər. Yəni, ermənilərin tərəfini tutmuşdular. İndi görəndə ki, onların etdiyi gedişlər əvvəlcədən səhv olub, hazırda bunu qəbul edə bilmirlər.

Cavid Əkbərov, “İki sahil”