15 aprel 2024 23:20
225

Hər bir uşaq valideynlərin boşanmasından sosial, psixoloji travma alır

Ayrılma qərarı vermiş valideynlər bunu övladlarına düzgün şəkildə izah etməlidirlər

Son zamanlar demək olar ki, gündəlik həyatımızda hər gün səslənən, istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam edilən, gündəmdə olan mövzulardan biri də boşanmalardır. Düzgün olmayan təbliğat, sosial şəbəkələrin təsiri ilə vaxtilə ən qəbuledilməz və xoşagəlməz hal kimi qarşılanan boşanmalar indi adi hala çevrilməkdədir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb. Nikahlarla müqayisədə boşanmaların sayının artması balansın pozulmasına və hətta demoqrafik stabilliyin göstəricilərinin dəyişməsinə gətirib çıxarır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, bu gün ailələrdə boşanma hallarının artması, nikah dayanıqsızlığı yalnız respublikamızda deyil, bir çox ölkələrdə aktual məsələlərdəndir. Aparılan araşdırmalara əsasən, müvafiq hal əsas etibarilə urbanizasiya və bu prosesin doğurduğu intensiv miqrasiya ilə izah edilir. Bununla yanaşı, tədqiqatlar göstərir ki, əksər ailələrdə hər iki tərəf məişət zəminində baş vermiş mübahisələrin həll yolunu yalnız ayrılmaqda görür. Bu kimi hallarda isə ən çox psixoloji gərginlik yaşayan ailə üzvləri uşaqlar olur. Belə ki, uşaqlar tərəflər arasında yaranan ailədaxili münaqişələr, boşanma prosesi zamanı, eləcə də, nikaha xitam verildikdən sonra bir çox mənfi məqamlarla üz-üzə qalır.

Komitə rəsmisinin sözlərinə görə, uşaqlar tərəfindən bu hal özünə qarşı olan diqqətin azalması, təhlükəsizliyin və sevginin itirilməsi kimi qəbul edilir. Boşanmalardan sonra uşaqların təxminən yüzdə iyirmisində müəyyən problemlər yaşanır. Bu nisbət tam ailələrdəki uşaqlarla müqayisədə riskin təxminən 2 dəfə artdığını göstərir. Ən çox rast gəlinən davranış problemləri, qaydalara əməl etməmək, aşağı akademik müvəffəqiyyət, assosiallıq və depressiya kimi hallardır. Digər tərəfdən də natamam ailələrdən olan uşaqların əksəriyyətində klinik əhəmiyyətli problemlərə rast gəlinmir və yuxarıda qeyd olunan emosional vəziyyət müəyyən müddət ötdükdən sonra bərpa olmağa başlayır.

Günel Nağdəliyeva  diqqətə çatdırdı ki, uşaqları boşanmanın mənfi təsirlərindən qoruya bilmək üçün onu qayğı və məhəbbətlə əhatə etmək, daim ünsiyyətdə olmaq, ona önəmli olduğunu hiss etdirməyə çalışmaq, ən azı valideynlərdən biri ilə yaxşı münasibət saxlanılmasını təmin etməkdir.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu gün boşanmaların səbəblərini bir yox, bir neçə amillərlə əlaqələndirmək mümkündür. Səbəbindən asılı olmayaraq tərəflər boşanma zamanı fəsadlar yaşayır və yeni bir həyat mərhələsinə qədəm qoyurlar. Övladı olan ailələrdə isə ayrılıq mərhələsində ən böyük travmanı sözsüz ki, uşaqlar alırlar.

Müsahibimiz diqqətə çatdırdı ki, bir müddət öncəyə kimi valideynləri yanında olan, onların istədiklərini valideynləri qarşılayan uşaqlar boşanma mərhələsindən sonra tam başqa mühitə düşürlər və nəticədə yetərincə olmayan qayğısızlıq, əvvəlki kimi olmayan diqqətsizlik, maddi sıxıntılar həmin uşaqların psixologiyasına birbaşa və ya dolayı formada təsirini göstərməyə başlayır.

Ona görə də boşanmadan sonrakı mərhələdə ana-atanın münasibəti uşaqlar üçün vacibdir. Arada problem olsa belə, bunu uşaqlara bildirməmək lazımdır. Uşaqlarla bağlı məsələlərdə birgə qərar verilməlidir. Uşaqların yanında ana-atanın bir-birini pisləməsi düzgün deyil. Valideynlər uşaqlarına olan sevgilərini hiss etdirməli və bunu tez-tez dilə gətirməlidirlər. Boşanma qərarı vermiş valideynlər bunu uşaqlarına düzgün şəkildə izah etməlidirlər. Uşağa şəxsiyyət kimi yanaşıb, ona məsələnin nə yerdə olduğunu başa salmaq lazımdır. Uşaq ata və anasının bundan sonra eyni evdə yaşamayacağını anlamalı və zamanla normal hal kimi qəbul etməlidir. Əlbəttə, əvvəlcə uşaq bunu qəbul etməyə bilər. Sadəcə, boşanmadan sonra valideynlərlə birgə görüşlər olmalı, birlikdə vaxt keçirilməlidir ki, uşaq ata-anasının sevgisinin azaldığını düşünməsin.

Sözgedən məsələnin hüquqi tərəfinə nəzər saldıqda isə müəyyən suallar yaranır: Boşanma zamanı  uşaqlar kimin yanında qalmalıdır - qanunlar nə deyir? Hansı hallarda uşaq anaya verilə bilməz? Uşağı vaxtı-vaxtında valideynə göstərməməyə görə hansı məsuliyyətə cəlb oluna bilərlər?

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü  Könül İbrahimova  mövzu ilə bağlı qəzetimizə açıqlamasında diqqətə çatdırdı ki, məhkəmə təcrübəsi göstərir ki, uşaqlar az yaşlıdırsa daha çox ana qayğısına nəvazişinə ehtiyac duyduqları üçün daha çox ana ilə qalır. Boşanma zamanı uşağın hansı valideyinin yanında qalması məsəsləsi həll olunarkən burada uşağın yaşı, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır, 7 yaşına çatmış uşağın fikri isə öyrənilə və nəzərə alına bilər, uşağın valideynlərdən hansına daha çox bağlı olduğu bu kimi bir çox meyarlar nəzərə alınır.

Həmsöhbətimiz vurğuladı ki, ana hər hansı psixi xəstəlikdən, xroniki narkomaniya və alkaqol xəstəliyindən əziyyət çəkirsə, öz valideyinlik vəzifələrini yerinə yertirmirsə,valideynlik hüquqlarından sui-istifadə edirsə bu kimi hallarda uşaq atanın himayəsinə verilə bilər.

Könül İbrahimovanın sözlərinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlrin həll edilməsində iştirak etmək hüquna malikdirlər.Uşaqla yaşayan valideyn uşağın digər valideyinlə ünsiyyətinə maneə olmamalıdır. Uşaqlarla ünsiyyət vaxtı ilk öncə tərəflərin razılığı ilə müəyyən olunur belə razılıq olmadıqda isə görüş vaxtı məhkəmə ilə müəyyən olunur. Məhkəmə qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür.

Yaqut Ağaşahqızı, “İki sahil”