18 aprel 2024 00:57
216

Radikallar Azərbaycanın milli maraqlarını hər an qurban verməyə hazırdırlar

Bu günlərdə radikal müxalifətin aprelin 21-də mitinqin keçirilməsi barədə bəyanatları və çağırışları yayılır. Heç şübhəsiz ki, Azərbaycan xalqı müxalifətin bu kimi qərəzli, qeyri-obyektiv fəaliyyət motivlərini həmişə qəti şəkildə rədd edib.

Destruktiv müxalifət xəyanət və satmaq sahəsində peşəkardır

Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ötən illər ərzində təfəkkürlərində və düşüncələrində müasirliyə nail ola bilməyən dağıdıcı müxalifət nümayəndələri heç vaxt Azərbaycan siyasi səhnəsində ciddi şəxslər kimi qəbul olunmayıblar. Natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir.

A.Hüseynov qeyd etdi ki, Əli Kərimli hər zaman gəncləri Vətənə xəyanət ruhunda tərbiyə etmək yolunu tutduğu, ölkənin uğurlarına qara eynəkdən baxdığı üçün həm partiya, həm də müxalif düşərgənin daxilində qınaqla üz-üzə olub. Hazırkı dövrün reallıqlarına nəzər salsaq bunu bir daha görə bilərik.  Bildiyimiz kimi, 30 illik işğal dövründə Ermənistana dəstək funksiyasını yerinə yetirərək keçmiş münaqişənin həlli prosesinin uzanmasına, işğalçı ölkədə bu torpaqların onlara məxsusluğu barədə ümid yaradan bəzi dünya gücləri son vaxtlar ölkəmizə qarşı qərəzli təbliğatlarının əhatə dairəsini genişləndirirlər. Bu gün ABŞ-ın, Fransanın Ermənistana dəstəyindən daha da ruhlanan AXCP sədri Əli Kərimli, qondarma “Milli Şura”nın marionet rəhbəri Cəmil Həsənli kimi milli satqınlar xarici himayədarlarından aldıqları qrantların qarşılığında onlara dəstəkləri sayəsində ictimai qınaqla üz-üzə qalıblar. Bu ünsürlər Azərbaycanın milli maraqlarını şəxsi ambisiyalarına qurban vermələri ilə özlərinə qarşı nifrəti birə on qat artırırlar. Bu üzdəniraqlar vaxtilə torpaqlarımızın işğalının səbəbkarları olduqlarını unutmaqla bir daha nə dərəcədə simasız, vicdansız olduqlarını nümayiş etdirirlər. Azərbaycanda hər kəs vaxtilə torpaqlarımızı kimlərin satdıqlarını, İkinci Qarabağ müharibəsində Qarabağı və Şərqi Zəngəzuru kimin azad etdiyini  çox yaxşı bilir.

Deputat diqqətə çatdırdı ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində ermənilərlə işbirliyinə gedib Qarabağı onlara satan əli kərimlilərdən bu gün Vətən, xalq naminə hansısa bir əməli fəaliyyət gözləmək mümkün deyil. Onlar yalnız xəyanət və satmaq sahəsində peşəkardırlar. Bu gün də Əli Kərimlinin başı xarici ağalarına dəstək verməyə və onun qarşılığında aldığı qrantlara  qarışıb.

A.Hüseynov əlavə etdi ki, bu gün xalq-iqtidar birliyi nəticəsində ölkəmiz dinamik inkişaf edir. İşğaldan azad olunmuş torpaqlarımızda sürətli və genişmiqyaslı işlər aparılır. Əli Kərimli kimi, digər radikallar da yaxşı bilirlər ki, Azərbaycanda həyata keçirilən demokratik islahatlar digər ölkələrə nümunə göstərilir. Ölkəmizdə keçirilən biri-birindən əhəmiyyətli tədbirlərdə iştirak edənlərin Azərbaycanın siyasi, iqtisadi qüdrəti, dəstəklənən diplomatik səyləri barədə dedikləri xoş sözləri eşitməyən və yaxud eşitmək istəməyən antimilli xəyanətkarların yeganə məqsədi ölkəmiz haqqında yalanları, böhtanları tirajlamaqla xarici ağalarından daha çox qrant almaqdır.

Radikalların “mitinq” şousu anti-Azərbaycan dairələrin sifarişidir

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında söylədi ki, ABŞ, Avropa İttifaqı və Ermənistan arasında 5 aprel görüşü bir daha göstərdi ki, kollektiv Qərb regionda imperialist məqsədlərlə möhkəmlənməkdə israrlıdır. Lakin Azərbaycanın hərbi-siyasi zəfərləri ilə yaratdığı reallıq bərbərhüquqlu əməkdaşlıqda ehtiva olunmayan istənilən yanaşmanı istisna edir. Nəticə etibarilə regionda Azərbaycanla hesablaşmağa məcbur qalan Qərbi isə bu ssenari qane etmədiyi üçün özünə bağlı proksi qüvvələri işə salaraq ölkəmiz əleyhinə kompleks hücumlar başladır. Təsadüfi deyil ki, xaricdən müxtəlif səviyyələrdə korrupsiyalaşmış parlamentarilərin, ayrı-ayrı beynəlxalq media qurumları və “Freedom House”un timsalında beynəlxalq QHT-lərin anti-Azərbaycan hücumlarının aktivləşdiyinin şahidi olmaqdayıq.

Deputat bildirdi ki, Azərbaycan dövlətinin cənab İlham Əliyevin rəhbərliyi altında öz tarixində ən qüdrətli dövrünə qədəm qoyması, Azərbaycan xalqının isə tarixin heç bir dövründə olmadığı qədər həmrəy olması Qərb üçün sirr deyil. Kənardan bu reallığı dəyişə bilməyəcəyini anlayan Qərb təlimatçıları çarəni ölkə daxilində milli heysiyyətini itirmiş insanları, özünə bağlı antimilli ünsürləri prosesə cəlb etməklə cəmiyyətdə qarşıdurma yaratmaq cəhdində görür. Eyni zamanda, təsadüfi deyil ki, xeyli müddətdir qınına çəkilmiş Əli Kərimli və onun özünə bənzər ünsürlər məhz Qərbin səlib yürüşünün başlaması ilə yenidən fəallaşmaqdadırlar. 21 aprel tarixinə planlaşdırılan “mitinq” şousu da məhz bu proseslərin tərkib hissəsidir və bu, əslində “Milli Şura” adlanan marionet dərnəyin yox, anti-Azərbaycan dairələrin ölkəmizin daxilində çaxnaşma yaratmaq məqsədi güdən sifarişidir. İndiki həssas məqamda, heç bir zərurət olmadan mitinq qərarı verməklə əslində antimilli qruplaşma özünü ifşa etmiş oldu və bir daha göstərdi ki, “Milli Şura” adlanan təsisat milli heysiyyətini itirmiş adamların cəlb olunduğu “beşinci kolon”dur. Bütün fəaliyyətləri ixtilaf üzərində qurulmuş və varlıqlarını Qərb qrantları hesabına sürdürən bu radikallar bir daha göstərməkdədirlər ki, onlar Qərbin Azərbaycanın milli maraqlarına zidd istənilən tapşırığını yerinə yetirməyə, anti-Azərbaycan dairələr üçün əl buyruqçusu rolunu oynamağa çoxdan razıdır.

Bəhruz Məhərrəmov qeyd etdi ki, müdrik Azərbaycan xalqı baş verənlərin əsl mahiyyətini yaxşı dərk edir. Hər bir məsuliyyətli vətəndaş anlayır ki, qlobal miqyasda müşahidə olunan qeyri-sabitlik, artan gərginlik fonunda regionun təhlükəsizlik adası olan Azərbaycanda insanları küçə iğtişaşlarına dəvət etmək milli xəyanət və siyasi məsuliyyətsizlikdir. Bu mənada, əgər “Milli Şura” adlanan dərnək bu çağırışı siyasi fəaliyyət hesab edirsə, yanılır. Kütləvi iğtişaşlara çağırış yalnız və yalnız siyasi dialoqu inkar edən, sağlam rəqabətə hazır olmayan kəsimlərin çıxış yoludur və reallığı da nəzərə alsaq, əminliklə deyə bilərik ki, 21 aprelə planlaşdırılan mitinq avantürası ideya olaraq, reallaşmadan fiaskoya məhkumdur.

Radikalların mitinq keçirməsi üçün heç bir sosial sifariş yoxdur, xalq onları dəstəkləmir

Politoloq Tural İsmayılov isə qəzetimizə açıqlamasında bildirdi ki, radikal müxalifət Azərbaycan cəmiyyəti üçün ancaq neqativliklərdən başqa heç nə ifadə etmir. Bu gün “Milli Şura” cəbhəsində təmsil olunanların nə hansısa müsbət bir imici var, nə  də hörməti. Bu düşərgədə təmsil olunanlar daim ən həssas məsələlərdə Azərbaycan xalqı ilə, ictimai rəylə tamam əks mövqedə dayanıblar. Bu gün hamıya bəllidir ki, dövlətimizin başçısı İlham Əliyev türk dünyasının tarixini dəyişmiş siyasi liderdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edib. Cənab İlham Əliyev bu gün Azərbaycanın mövqeyini beynəlxalq münasibətlər sistemində ən yüksək pillələrə çatdırmış bir rəhbərdir. Xalq üçün bu gün Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi adamlar ümumiyyətlə, cəmiyyətdə heç bir assosiasiya yaratmayan, ancaq mənfilik, xaos, qarışıqlıq və qalmaqallı, qara səhifələri olan bir illik AXC-Müsavat hakimiyyəti dövrü ilə bağlı qaranlığı ehtiva edirlər.

Ekspert qeyd etdi ki, indi bu adamların Zəfər qazanmış, Qarabağda və Şərqi Zəngəzurda abadlıq və quruculuq işləri həyata keçirən inkişaf etmiş bir dövlətin ictimai rəyində çaşqınlıq yaratmaq üçün hansısa mitinqə cəhd etməsi özü birincisi absurddur. Əvvəla Azərbaycanda xüsusi karantin rejimi hələ də davam edir. Karantin rejiminin müddəti növbəti dövr üçün uzadılıb. İkincisi, bu gün cəmiyyətdən belə bir mitinqin keçirilməsi ilə bağlı heç bir sosial sifariş yoxdur. Üçüncüsü, bu adamlar şəhərin ən işlək yerlərini dırnaqarası mitinq üçün ünvan kimi seçərək müraciət ediblər. Ümumiyyətlə, bunların nə haqqı var ki, Nərimanov, 28 May metrostansiyalarının qarşısını özlərinin hansı absurd tamaşalarına alət etsinlər. Ondan əlavə, bu gün bu tip adamların ancaq sosial şəbəkə üzərində 5-10 özü kimi düşünən adamlardan başqa heç bir çevrəsi mövcud deyil. Əlbəttə ki, bütün bunlar da sadəcə olaraq acı bir mənzərə formalaşdırır.

Şəmsiyyə Əliqızı, 
Cavid Əkbər,

“İki sahil”