19 aprel 2024 02:16
333

Mehdi Sübhaninin qarnını ağrıdan nədir?..

Xocalı soyqırımı kimi dəhşətli qətliam törətmiş və bu siyasətində xristian birliyinin köməyinə arxalanmış təcavüzkar Ermənistanla əməkdaşlığı getdikcə dərinləşdirən, Zəngəzur dəhlizinin açılmasına maneələr yaradan, təcavüzkar ölkəyə süni nəfəs verməyə cəhdlər göstərən İranın rəsmiləri ölkəmizin əleyhinə hədyanlar yağdırmaqda davam edirlər. İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin növbəti sayıqlaması da belə hədyanlar sırasındadır. Səfir abır-həya etmədən, utanıb-qızarmadan iddia edib ki, guya Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb.

Əvvəla bəri başdan qeyd edək ki, İsrail ilə Azərbaycan arasında yüksək etimada, dostluq və qardaşlığa əsaslanan əlaqələr mövcuddur. Bu gün İsrail iqtisadi, hərbi, mədəni və s. sahələr də daxil olmaqla, çoxsahəli  istiqamətlər üzrə ölkəmizlə intensiv əməkdaşlıq edir. İsrail hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və uzun illər erməni işğalına qarşı çıxıb. 44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatları  zamanı Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edən İsrail Qarabağ münaqişəsi tam həll edildikdən sonra işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə də öz töhfəsini verməkdədir. Şübhəsiz, bütün bunlar hayların, həmçinin onların çaldıqları ilə oynayan erməni xislətli  Mehdi Sübhani kimi adı müsəlman olan, əməli isə ermənidən fərqlənməyən molla rejiminn təmsilçilərinin ürəyincə deyil. Bu səbəbdən də iki ölkə arasındakı belə bir əməkdaşlığa qısqanclıqla yanaşırlar. Elə onun bir cümlə ilə (guya Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahi ilə öldürülüb) həm hazırda aralarında gərginlik yaşanan İsraili, həm də əleyhinə hədyanlar yağdırdığı Azərbaycanı ittiham etməsinin məğzində məhz bu amil dayanır. Görəsən, mollakratiya Ermənistandakı səfirinin cəfəng açıqlamalarına niyə imkan yaradır, niyə onu susdurmur? Halbuki, İran Prezidenti Seyid İbrahim Rəisi Prezident İlham Əliyevlə Daşkənddə görüşü zamanı demişdi ki, biz çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi: “Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq". Elə isə Molla Nəsrəddin demişkən, bu, ətdirsə, pişik hanı, pişikdirsə, bəs ət hanı?

Doğrudur, Mehdi Sübhaninin bu sözlərini onun şəxsi fikirləri kimi qəbul etmək olar. Amma görünür yaşadığı ölkədə təsir altına düşən Sübhanı  səfir olduğunu unudub. Halbuki, vəzifə başında olan şəxs öz şəxsi mövqeyini vəzifəsi vasitəsilə çatdırmağa cəhd etməməlidir. Göründüyü kimi, İranın Ermənistandakı səfiri işğalçı dövlətin əsgərlərinin bizim torpaqlarımızda öldürülməsini faciəyə çevirir. Sual olunur: Erməni əsgərinin Azərbaycan torpaqlarında nə işi var idi?  Digər tərəfdən, Prezident İlham Əliyev dəfələrlə demişdi ki, erməni əsgəri ölmək istəmirsə, rədd olsun bizim torpaqlarımızdan. Bəs niyə rədd olmadılar? Bu mənada Ermənistan hərbçilərindən fərqli olaraq, Azərbaycan hərbçiləri nə uğrunda ölümə getdiklərini yaxşı bilirdilər. Amma müsəlmançılıqdan ağızdolusu danışan Sübhani  İran vasitəsi ilə  Ermənistana gətirilən, minlərlə əsgər və zabitimizi öldürən həmin silahlardan əsla söz açmır.  Yeri gəlmişkən, müsəlmançılıqdan dəm vuran İran hayların ərazilərimizi 30 il işğal altında saxlamasına, soydaşlarımıza zülmlər edilməsinə, soyqırımları törədilməsinə, məscidlərin təhqir olunmasına, hətta həmin məkanlarda donuz saxlanılmasına göz yumub. Mollakratiya 44 günlük müharibədən sonra belə ermənilərə yanacaq daşıyıb,  Qarabağ ərazisinə 32 İran vətəndaşının gizli səfərini təşkil edib. Üstəlik, məhz İranın birbaşa iştirakı ilə işğal olunmuş Azərbaycanın şəhər və kəndləri xarabalıqlara çevrilib. Heç vaxt mollakratiya bunlardan söz açmayıb. Bu isə o deməkdir ki, tutduğu riyakar mövqeyi ilə seçilən rəsmi Tehran üçün nə hüquqi, nə dini, nə də mənəvi dəyər anlayışları vardır. Başqa sözlə desək, söz sahibi olan Azərbaycan amili hazırda ərazisində hüquqlarını tanınmadığı 35 milyondan çox azərbaycanlının yaşadığı İranı elə qorxudub ki, Tehran üçün mənəvi dəyərlər və İslam həmrəyliyi arxa plana keçir. Şübhəsiz, bütün bunlar  fars-molla rejiminin Ermənistana olan “tükənməz sevgi”sindən irəli gəlib. Bu mənada demək olar ki, İran müsəlmançılıqdan danışa biləcək ən axırıncı ölkədir. Tehranın İslam düşməni olan Ermənistana sevgisi o qədərdir ki, bu ölkənin Cənubi Qafqazı poliqona çevirmək siyasətinə, Qərb qüvvələrini bölgəyə gətirməsi faktına belə göz yumur. Bütün bunlar azmış kimi, İranın hava yollarına məxsus yük təyyarələri Ermənistana silah daşımaqda davam edir. Bəli, açıq-aşkar görünür ki, ermənipərəst siyasətinin ən yüksək zirvəsinə çatan İran Ermənistanın fitvasına uyaraq, regionda gərginlik yaratmaq yolunu tutub. Elə Sübhani kimilərinin də sayıqlamaları bu missiyaya xidmət edir...

Qvami Məhəbbətoğlu, “İki sahil”