20 aprel 2024 01:16
316

Azərbaycan öz gücünə arxalanan dövlətdir

Prezident İlham Əliyev bildirir ki, Qarabağda və Şərqi Zəngəzurda görülən genişmiqyaslı işlərin dünyada misli-bərabəri yoxdur

Dövlət başçısı İlham Əliyev Hacıqabul rayonunda yeni qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində «Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir» söyləyərək ölkəmizin geniş iqtisadi və maliyyə imkanlarına malik olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bu mühüm məqam da  xüsusi qeyd edildi ki, biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur: «Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir.»

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə təkmil infrastruktur layihələrinin icrası ilə başlanıldı. Təbii ki, hər bir bölgənin inkişafında infrastrukturun yenilənməsi, zəruri olan şəraitin yaradılması prioritetdir. İnfrastruktur olmadan insanların işğaldan azad edilmiş ərazilərə köçürülməsi qeyri-mümkündür. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşulub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib. Onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Hazırda 7 stansiyanın inşası davam edir. Bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə 50-yə yaxın su elektrik stansiyası yaradılacaq. İşğaldan azad edilmiş ərazilərimizdə yol infrastrukturunun yenilənməsinə xüsusi diqqət göstərilir. İlk olaraq Zəfər yolu yenidən qurulub istifadəyə verildi. Avtomobil yolunun, hava limanlarının tikintisi bu ərazilərimizin gələcəkdə iqtisadi imkanlarında ölkəmizin hərtərəfli inkişafına töhfələr vermələrinə, turizm imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Qısa müddətdə iki  Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi, üçüncünün inşasının bu ilin sonu, gələn ilin əvvəlində başa çatdırılmasının  nəzərdə tutulması ölkəmizin iqtisadi qüdrətinin nümayişi oldu. Bu kimi addımlar Qarabağın və Şərqi Zəngəzurun strtaeji mövqeyinə bir daha işıq salır.  

Cənab İlham Əliyev yuxarıda qeyd etdiyimiz təməlqoyma mərasimində diqqəti bu məqamlara da yönəldərək bildirdi ki, vaxtilə Ermənistan təkcə torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz öz su mənbələrimizə tam sahib olmuşuq. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır.  Erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək.  Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyətinin olduğunu bir daha görərik.

Tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə başlanılması bir daha bu reallığı təsdiqlədi ki, 2003-2020-ci illər, eyni zamanda, bərpa-quruculuq işlərinə hazırlıq dövrü kimi də qəbul edilməlidir. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərindən bəhs edərkən bu çağırışı edir: «Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib.»

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Böyük Qayıdış Proqramı uğurla icra edilir.

Azərbaycan bütün  işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirir. Azərbaycan ötən dövr ərzində iqtisadi  imkanlarını artırmaq üçün yeni imkanlar qazandı. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu reallaşdırılması, Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələrin  uğurlu icrası ölkəmizin iqtisadi imkanlarının genişlənməsində öz sözünü deyir. Əsas hədəflərdən biri Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yanaşmanın sonra bütün ölkə üzrə  həyata keçirilməsidir.  Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, soydaşlarımızın bu torpaqlara qayıdışından bəhs edərkən bildirir ki, bu, doğrudan da böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğurdan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı: «Uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq.»

Sahibinə qovuşan torpaqlarımızda  tarixi və dini abidələrimizin bərpası prioritet məsələlər sırasındadır. Heydər Əliyev Fondunun dəstəyi  ilə bu işlər yüksək səviyyədə həyata keçirilir. Ermənilər bu ərazilərimizdə izləri itirmək üçün bütün tarixi və dini abidələri yerlə-yeksan ediblər. Cənab İlham Əliyev bərpa-quruculuq işlərinə başlanan zaman bu abidələrin bərpasını qarşıya mühüm vəzifə kimi qoydu. Postmünaqişə dövründə bu torpaqlara   səfər edən hər kəs erməni vəhşiliklərinin şahidi olur. Hər daşı, qayası bir tarix olan, özündə mühüm çağırışları ehtiva edən  küçələr erməni vəhşiliklərinə şahidlik edir. Bütün işğaldan azad edilmiş ərazilərimizdə  Zəfər muzeylərinin və Memorial komplekslərin tikintisi nəzərdə tutulur. Elə bir imkan yaratmaq nəzərdə tutulur ki, hər bir ziyarətçi  bu muzeylərin, komplekslərin vasitəsilə ermənilərin illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayıb burada bütün tikililəri yerlə-yeksan etmələri barədə dolğun məlumatlar əldə etsin.   

Dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində yerli televizya kanallarına müsahibəsində işğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlərdən bəhs edərkən bildirdi ki, Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışının ediləcəyi bildirildi. Suqovuşan yenidən qurulur,  kanallar çəkilir. Ondan sonra Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin edəcək. Yəni, keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır. Qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı dövlət  qurumları ciddi məşğuldurlar. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.

Cənab İlham Əliyev belə bir çağırışı etdi ki, bütün bu infrastruktur layihələri bizə bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmağa imkan verir.  Soydaşlarımızın bu il qaytarılacaqları şəhərlər arasında  Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı da olacaq.  Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərə keçmiş köçkünlər qayıdacaqlar.  Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Şuşanın  Turşsu kəndlərinin də bərpasına start verilib.  Kəndlər tamamilə dağılmış vəziyyətdədir. Hədəfimiz 2026-cı ilin sonuna qədər  140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Dövlətimizin başçısı belə bir əminliyi də ifadə etdi ki,  biz buna da nail olacağıq: «Onu da bir daha bildirməliyəm ki, bütün bunları biz öz daxili imkanlar hesabına edirik. Heç bir donor təşkilatı, heç bir digər tərəf bizə kömək göstərmir. Ancaq Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı bizə qardaş dəstəyi göstərmişdir, bütün qalan layihələr daxili imkanlar hesabına reallaşdırılır.»

Yuxarda da qeyd etdiyimiz kimi,  bütün bu hədəflərə  çatmaq üçün  güclü iqtisadiyyatımız olmalıdır.  İqtisadi müstəqilliyimiz  çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 2023-cü ildə 30 milyard manatdan çox olub. Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 41 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, 2023-cü ildə bu rəqəm 3500 manatdan çox olub. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın çoxalıb. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artıb. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılıb. Bu rəqəmlər dövlətimizin başçısının rəhbərliyi ilə 20 ildə qazanılan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir.

İqtisadi uğurlarımız hədəflərə zamanında nail olmağı şərtləndirir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, ümumilikdə 2024-2026-cı illərdə Ağdam rayonunda 9690, Füzuli rayonu üzrə 5634, Tərtər rayonu üzrə 368, Xocavənd rayonu üzrə 307 olmaqla, cəmi 15 min 999 fərdi ev və mənzilin tikilməsi nəzərdə tutulur. Avtomobil və dəmir yolları, elektrik xətlərinin çəkilməsi istiqamətində layihələr yekunlaşır. Həmçinin sosial-iqtisadi infrastrukturun qurulması istiqamətində işlər görülməkdədir.  Böyük Qayıdış  Proqramında da göstərildiyi kimi, 2026-cı ilin sonunadək nəinki Ağdam şəhərinə, eləcə də ətraf kəndlərə insanların qayıtmasını təmin etmək əsas hədəflər sırasındadır.  Ağdam şəhərinə və ətraf kəndlərə 42 min adamın köçürülməsi nəzərdə tutulub. Mərhələli həyata keçirilən qayıdış prosesi hər bir azərbaycanlıda, bu ərazilərin sakinlərində böyük qürur hissi yaradır. 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdaraq burada yeni həyatın başlanmasını böyük sevinc hissi ilə qarşılayırlar.

Yeganə Əliyeva, «İki sahil»