20 aprel 2024 19:38
199

Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb

Bu gün Bakıda “İnnoland” İnnovasiya Mərkəzində “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin (İB) təşəbbüsü ilə keçirilmiş Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb.

“İki sahil” xəbər verir ki, tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Yeni Texnologiyaların İnkişafına Dəstək” İB-nin sədri Ceyhun Xəlilov çıxışında bildirib ki, Bakı şəhəri, Xəzər rayonunun Hövsan qəsəbəsində yerləşən aviamodellərin uçuş meydançasında “Yeni üfüqlərə doğru” şüarı ilə ikinci dəfə keçirilən Aerokosmik Modelçilik Festivalı böyük marağa səbəb olub. İki turdan ibarət olan və ümumilikdə 5 növ üzrə keçirilmiş festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə yarışlar, aviaşou, raket modelləri, kvadrokopterlər və təyyarə modelləri nümayiş olunub. Aerokosmik Modelçilik Festivalı iştirakçılara texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik olaraq təkmilləşdirmək üçün şərait yaradıb.

C.Xəlilov diqqətə çatdırıb ki, festivalın əsas məqsədi və fəaliyyət istiqaməti, Azərbaycanda raket və peyk modelçiliyi idmanının kütləviləşməsinə və inkişafına kömək etmək, innovativ gənclərin hərtərəfli inkişafında və sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmaqdan ibarətdir.

“Yüksək texnologiyalara əsaslanan raket və peyk modelçiliyi texniki idman növü təmiz havada intellektual aktivliyi və fiziki fəaliyyəti özündə birləşdirir. Yarışlar həm fərdi, həm də komanda halında olmaqla, uçuşun hündürlüyü və müddəti, eniş dəqiqliyi üzrə keçirilir. Hazır modellərin aidiyyəti yarış səviyyəsi üzrə raketin və ya peykin detallılıq dərəcəsi və uçuşun reallığı qiymətləndirilir”, – deyə Ceyhun Xəlilov vurğulayıb.

Sonda yarışın qalibləri mükafatlandırılıb. Mükafatlandırmaya uyğun olaraq 5 nəfər – I yerə, 5 nəfər – II yerə, 5 nəfər – III yerə və 5 nəfər – əlavə nominantlar (təyyarə, helikopter, kvadrakopter uçuş təlimi üzrə) üzrə sertifikata layiq görülüb.