22 aprel 2024 16:10
538

Tavuşda keçirilən aksiyaların arxasında KİM DAYANIR? - Ekspert AÇIQLADI

Qazaxın 4 kəndi qaytarılma mərhələsindədir. Bu mərhələdə Ermənistanda yenə çirkin siyasi oyunlar oynandığını görürük. Xüsusən Qazaxın kəndləri ilə sərhəd olan Ermənistanın Tavuş bölgəsinin sakinləri müxtəlif bəhanələr adı altında aksiyalara cəlb edilir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirdi. 

Ekspert qeyd etdi ki, burada 2 siyasi çalar diqqət çəkir. Birinci siyasi çalar ondan ibarətdir ki, Ermənistanda Azərbaycana qarşı ərazi iddialarını və neofaşizmi həyatının nəinki ideologiyası, hətta həyatının mərkəzinə qoyan müəyyən siyasi dairələr var. Onlar Qazaxın 4 kəndinin qaytarılması və Azərbaycanla Ermənistan arasında delimitasiya məsələlərində irəliləyişlərin əldə edilməsindən ciddi formada narahatdırlar. Bu narahatlığı özlərinin varlıq probleminə çeviriblər. İkinci məsələ isə ondan ibarətdir ki, fikrimcə, o sakinlərin aksiyalarında Paşinyan hakimiyyəti də maraqlı tərəf qismində iştirak edir. Çünki Nikol Paşinyan daxili erməni auditoriyasına və xaricdəki erməni lobbisinə mesaj ünvanlamağa çalışır ki, guya ona bölgələrdə çox ciddi etirazlar var. O, bütün bu etirazlar fonunda delimitasiya və sülh üçün irəliləyiş olsun deyə, Qazaxın kəndlərinin qaytarılması ilə bağlı qərar alıb. Amma bütün bu etiraz aksiyaları və hansısa sonradan həmin kəndlərə qeyri-qanuni şəkildə Ermənistanın başqa yerlərindən və Livandan, Suriyadan, həmçinin digər başqa ölkələrdən köçürülmüş ermənilərin lokal xarakterli bu toplanışları əhəmiyyətsizdir. Çünki ortada konkret bir iradə və qərarlar var.

Tural İsmayılov bildirdi ki, təbii ki, Ermənistan öz xoşluğu ilə bu addımları atmayıb. Qalib tərəf kimi Azərbaycanın regionda diktə etdiyi şərtlər fonunda Ermənistan məcbur qalaraq Qazaxın işğal etdiyi və ankalv olmayan 4 kəndini Azərbaycana qaytarmağa razılıq verdi. Bundan sonra isə əsas məsələ odur ki, daxildəki müəyyən aksiyalar və etirazlar fonunda da Ermənistan daha ciddi addımlar atsın və delimitasiya məsələsi daha süərtli həyata keçirilsin. 

Cavid Əkbər, “İki sahil”