23 aprel 2024 01:57
321

Vasitəçilər Ermənistanı otuz iki il aldadıblar

Aranı qarışdırmayın, yerinizdə oturun

Qazağın işğal altında qalan 4 kəndinin danışıqlar yolu ilə və heç bir vasitəçi olmadan Azərbaycana qaytarılması belə düşünməyə tam əsas verir. Ermənistan və Azərbaycan ilk dəfə məsələni danışıqlar masası arxasında həll etdi. Bu danışıqlara Avropa Şurasının, Avropa İttifaqının və digər qərəzli beynəlxalq qurumların nümayəndələrinin yaxın buraxılmaması onu göstərdi ki, sülhə meyilli olan iki dövlət arasında nifaqın davam etdirilməsi onlara lazım imiş. İşğalda qalan kəndlərin sahibinə qaytarılması ədalətin bərpa olunmasına yönəlib və tərəflər arasında qarşılıqlı inamın yaranmasına stimul verib. Xarici bədxahlar və İrəvandakı revanşistlər istisna olmaqla Ermənistan və Azərbaycan xalqları, bir çox ölkələr 4 kəndin dinc yolla qaytarılmasını alqışladıqlarını bildirirblər. Təcrübə göstərdi ki, araya təfriqə salanlar olmasa Ermənistan və Azərbaycan üç il əvvəl bütün məsələləri özləri həll edə bilərdilər.

Kəndlərin qaytarılması barədə danışan Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi üzrə razılaşmaları şərh edərkən deyib: “Mən baş verənləri çox şişirtməyimizi istəməzdim, eyni zamanda, qiymətləndirməməyimizi də. Qeyd etmək çox vacibdir ki, Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll edib”.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal altında saxlanılan 7 kəndindən anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Düzdür, Ermənistan tərəfdə bəzi pozucu qüvvələr buna mane olmağa dəfələrlə cəhd göstəriblər. Onlar kəndlərin sakinləri arasında hökumət əleyhinə əks-təbliğat apararaq mane olmağa çağırıblar. Həmin qüvvələr hətta Ermənistan ordusunun Tavuş ərazisindəki hərbi hissələrinə hücum da ediblər. Ancaq onların çabalamaları selin qarşısını çöplə kəsməyə oxşayır. Revanşistlər Mger Qriqoryanın bölgəyə gəlməsini və məsələyə münasibət bildirməsini tələb ediblər. Lakin Nikol Paşinyanın müavini və Ermənistan Respublikası dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının rəhbəri Mger Qriqoryan Tavuşa gəlmək və yerli sakinləri dinləmək qərarından son anda imtina edib. Bunun özü revanşistlərin qaldırdığı məsələyə hökumətin münasibətdir, yəni, aranı qarışdırmayın, yerinizdə oturun.

Ermənistan tərəfdən belə xəstə təfəkkürlü qaragüruhun qarşısının alınması əsassız ərazi iddialarına son qoyulması, normal qonşuluq münasibətlərinin qurulmasına şərait yaradacaq.

Vəli İlyasov, "İki sahil"