24 aprel 2024 02:38
401

Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə mühüm rol oynayır

Azərbaycan onunla bərabərhüquqlu tərəfdaş kimi davranan hər bir dövlətlə ikitərəfli münasibətlərə, əməkdaşlıq əlaqələrinə böyük önəm verir. Bu, aprelin 22-də Prezident İlham Əliyevin Rusiyaya növbəti işgüzar səfərində də özünü bir daha açıq-aydın göstərdi. Şübhəsiz, bir sıra mühüm hadisələrin fonunda, yəni Rusiya sülhməramlılarının Azərbaycan ərazisini vaxtından əvvəl tərk etməyə başlamasından, Qazaxın işğal altındakı kəndlərindən dördünün qaytarılması ilə bağlı razılaşmadan sonra keçirilən həmin görüşün böyük siyasi və iqtisadi əhəmiyyəti vardır.

Son illər iqtisadi cəhətdən inkişaf edən, güclü dövlətə çevrilən  Azərbaycan Respublikası ilə Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkə sayılan Rusiya Federasiyası arasında münasibətlər sabit, dinamik inkişafı ilə seçilir. Sevindirici haldır ki, bu gün xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan bu əlaqələr müttəfiqlik münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla genişlənir, möhkəmlənir, onlara yeni məzmun əlavə olunur. 2022-ci il fevralın 22-də iki ölkənin prezidentləri tərəfindən Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” də imzalanıb.

Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişafı iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərib. Hazırda  iki ölkə arasındakı ticarət dövriyyəsinin 4 milyard dollardan çox olması  bunun bariz nümunəsidir. Yeri gəlmişkən, Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr Bəyanatının  imzalanmasında xüsusi rol oynamışdır.

Şübhəsiz, iki ölkə arasındakı müttəfiqlik əlarələrinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Bu faktı heç rəsmi Moskva  da unutmur. Odur ki, Ümummilli Lider Rusiyada həmişə sayğı ilə xatırlanır. Hətta ötən il Ulu Öndərin 100 illiyi sözügedən ölkədə xüsusi ehtiamla qeyd  olunub. Onu da vurğulayaq ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı bugünkü müttəfiqlik münasibətlərinin əsasını məhz Vladimir Putin və Ulu Öndər Heydər Əliyev qoyublar. Bu mənada iki ölkə arasında müşa­hidə olunan bütün bu uğurların təməlində Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır.

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyev ilə təkbətək görüşdə “Əsrin layihəsi” adlandırılan Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayan Ulu Öndər Heydər Əliyevin bu dəmir yolunun tikintisi məsələləri üzrə daimi komissiyaya sədrlik etdiyini xatırladaraq demişdir: “Bu günlərdə BAM-ın 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, hökumət komissiyasına rəhbərlik edən atanız dəfələrlə tikintiyə baş çəkərək bu məsələdə çox əhəmiyyətli rol oynayıb. Əslində o, bütün Sovet İttifaqı üçün mühüm olan bu nəhəng layihənin təşkilatçılarından biri olub. Biz təkcə bu barədə bilməklə kifayətlənmirik, həm də bunu xatırlayırıq və ona çox minnətdarıq, onun xatirəsini yad edirik”. V. Putin, həmçinin vurğulamışdır ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir: “Onu nəzərdə tuturam ki, bir çox tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından istifadə edirlər”. Öz növbəsində Ulu Öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət strategiyasını uğurla davam etdirən, ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayan  dövlətimizin başçısı Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramın Azərbaycanda yüksək qiymətləndirildiyini  bildirmişdir.

Azərbaycan və Rusiya prezidentlərinin BAM-ın 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə keçirilən birgə görüşün də ana mövzusu Ulu Öndər və onun BAM-da göstərdiyi fədakarlıqlar olmuşdur. Dövlətimizin başçısı BAM-çılara və inşaatçılara, Rusiyanın bütün nəqliyyatçılarına Heydər Əlirza oğlunun xatirəsini əbədiləşdirdiklərinə, yəni Anqoya qəsəbəsindəki vağzalın onun adını daşıdığına görə təşəkkürünü bildimişdir. Şübhəsiz, BAM-ın  50 illik yubiley tədbiri Ulu Öndər Heydər Əliyevin xatirəsinə, eləcə də dahi liderin  simasında Azərbaycana yüksək ehtiramın daha bir ifadəsi idi.

Ulu Öndər Heydər Əliyevin şah əsəri bu gün dünyada günəş kimi parlayan müasir müstəqil Azərbaycandır. Ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş, separatçıları ərazisindən qovub çıxarmış ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Bu gün də dövlətimizin başçısı regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün səylərini davam etdirir. Bu prosesdə, qonşu ölkələrlə, xüsusilə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan  mühüm əhəmiyyət daşıyır.

Qvami Məhəbbətoğlu, “İki sahil”