23 aprel 2024 18:24
319

Qondarma “milli şura” erməni diasporundan daha çox ermənilik edir - POLİTOLOQ

Bu gün “Milli Şura” adlı təxribat maşınının Azərbaycan cəmiyyətində heç bir mövqeyi yoxdur. Eyni zamanda Azərbaycan ictimai rəyində AXCP-Müsavat cütlüyü ilə bağlı ancaq neqativ tendensiyalar şüurlarda yer alıb. Özəlliklə 1990-cı illərdə hakimiyyətdə olduqları bir il ərzində Azərbaycanı ancaq bəlalar, xaos, eyni zamanda neqativ qarışıqlıqlar bəxş edən AXCP-Müsavat cütlüyünün Azərbaycan xalqının fikrində, ictimai düşüncə sistemində mövqeyi neqativ olaraq qalmaqda davam edir. Xüsusilə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və sonuncu olaraq ötən ilin sentybar ayında Xankəndidə keçirilən antiterror əməliyyatından sonra etnik separatçılığın kökünün ərazilərimizdə tamamilə kəsilməsi, həmçinin son olaraq rus sülhməramlılarının Azərbaycan-Rusiya münasibətlərinin yüksək fövqündə ölkə ərazilərini tərk etməsi və nəhayət Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar fonunda Qazaxın 4 kəndinin qaytarılmasından sonra radikal müxalifət çevrəsində çox böyük narahatlıq var.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirdi. 

Ekspert qeyd etdi ki, bəzən biz görürük ki, hətta xaricdəki erməni diasporundan daha çox ermənilik etməyə çalışırlar. Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti bütün dünyanın diqqət mərkəzindədir. Avropadan Cənubi Amerikaya, Afrikadan Orta Asiyaya qədər Prezidentimizin böyük siyasi nüfuzu, eyni zamanda Onun rəhbərliyi ilə Azərbaycanın belə böyük uğurlar qazandığı bir dövrdə “Milli Şura”nın ümumiyyətlə özünün mövcudluğu tradikomediyanın başlıca mənzərəsini təşkil edir. Əgər cənab İlham Əliyev türk dünyası, bütövlükdə Qafqaz tarixinə və dünya hərb tarixinə ən yeni dövrdə böyük bir imza qoyubsa, dövlət başçımızın siyasi qətiyyəti və liderliyi hələ bundan sonrakı əsrlərdə də tarix dərsliklərində xatırlanacaqsa, bu tip adamların mövcudluğunun nə adı var?

Tural İsmayılov bildirdi ki, əvvəla Azərbaycanda hələ də xüsusi karantin rejimi davam edir. Bunu bilə-bilə, eyni zamanda ölkə bu qədər uğur qazanmışkən və bu uğurların birini belə etiraf etməyi bacarmayan bu tip adamların ortada heç bir sosial sifariş və ya tələb yoxkən hansısa dırnaqarası aksiya və mitinqlər keçirməyə cəhd etməsi sanki xırıldayan və can verən insanın ölməmək arzularını xatırladır.

Cavid Əkbər, “İki sahil”