23 aprel 2024 23:44
270

Azərbaycan-Rusiya münasibətləri tarixinin ən yüksək dövrünü yaşayır

Prezident İlham Əliyevin Rusiyaya səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına növbəti mühüm töhfədir

Bu gün Azərbaycan Ulu Öndərin ideyalarını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyevin aprelin 22-də Rusiya Federasiyasına işgüzar səfəri, Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə, həmçinin Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdəki çıxışında səsləndirilən fikirlər məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Liderlərin siyasi iradəsinə uyğun dinamik inkişaf…

Azərbaycan-Rusiya əlaqələri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində əlaqələr daha da inkişaf edib. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb.

Ulu Öndərin xatirəsinə yüksək ehtiram

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində Sovet İttifaqında ən nəhəng tikintilərdən biri - Ümummilli Liderin adı ilə bağlı olan Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə göstərilən yüksək ehtiramın daha bir ifadəsidir.

1974-cü ildə Sov. İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən “Baykal-Amur dəmir yolunun tikintisi haqqında” qərar qəbul edildi və bu nəhəng layihənin icrasına başlanıldı. Bundan sonra SSRİ-nin bir çox yerlərindən olduğu kimi, Azərbaycandan da minlərlə gənc tikinti işlərində çalışmağa yollandı. Lakin texnoloji çətinliklər dəmir yolunun inşasının uzun illər davam etməsinə səbəb oldu. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Baykal-Amur Magistralının həyata keçməsinə dəstək verən Siyasi Büro üzvlərindən biri idi. Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirən və bu sahəni ölkənin “arteriya damarı” adlandıran SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin 1984-cü ildə magistral boyunca 10 günlük səfər etməsi ilə BAM-ın tikintisində ciddi dönüş yarandı. Ulu Öndər sovet dövlətinin magistral boyu bir neçə günlük səfərə yollanan ilk yüksəkvəzifəli şəxsi idi. Moskvaya qayıdan Heydər Əliyev iyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. Məruzədə tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək onun həyata keçməsinə nail oldu.

Belə nəhəng və mürəkkəb layihənin icra edilməsi, yəni Baykal-Amur Magistralının tikintisinin başa çatdırılması üçün əsas olan məhz yüksək keyfiyyətli idarəetmə sisteminin qurulması idi. Yüksək təşkilatçılıq qabiliyyəti ilə tanınan Ümummilli Lider bu nəhəng layihənin idarəedilməsi sistemini qura bilmişdi. Çox çətin şərtlərlə icra edilən 4324 kilometr uzunluğundakı BAM-ın tikintisində 2 milyondan artıq insan iştirak edib, 2230 körpü, 8 tunel, 200 dəmir yolu stansiyası inşa olunub. Bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici dövlətlərə ixrac edilir. Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına bu gün müasir şəhərlər yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya Respublikası, Vyetnam, Hindistan və digər Cənub-Şərqi Asiya və Orta Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini məhz BAM vasitəsi ilə qurublar. Rusiya mətbuatının yazdığına görə, 2030-cu ilədək BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar tikiləcək.

Bu nəhəng layihənin uğurla başa çatdırılmasına rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin xidmətləri daim ehtiramla yad olunur.

Hər bir istiqaməti üzrə müsbət dinamika var

Səfər çərçivəsində dövlət başçıları ikitərəfli gündəliyə aid olan məsələləri geniş müzakirə etdilər. Bura Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi-ticarət əlaqələri, qarşılıqlı sərmayələrin qoyuluşu, humanitar və digər məsələlər aiddir. Ticarət dövriyyəsinin artması müsbət məqam kimi xüsusi vurğulandı. Demək olar ki, Azərbaycan-Rusiya əlaqələrinin hər bir istiqaməti üzrə müsbət dinamika olduğu məmnuniyyətlə qeyd edildi. Görüş zamanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi müzakirə edildi və bu layihənin icrası istiqamətində lazımi addımların atılması üçün dövlət başçıları tərəfindən aidiyyəti hökumət nümayəndələrinə tapşırıqlar verildi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Rusiyanı birləşdirən dəmir yolu xətti var, ancaq gözlənilən 15 milyon ton yük həcminin daşınması üçün mövcud infrastruktur müvafiq qaydada genişləndirilməlidir. Həmçinin hər iki ölkənin liderinin görüşündə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar da müzakirə edildi. Prezident İlham Əliyev Rusiyanın bu sahədə rolunun və səylərinin yüksək qiymətləndirildiyini bildirdi.

Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması iki ölkə liderinin qarşılıqlı anlaşma və qərarı əsasında, qarşılıqlı hörmət və  yüksək siyasi mədəniyyət şəraitində baş verir. Bu Azərbaycanın xarici siyasətinin çox istiqamətli olması, qonşu dövlətlərlə münasibətlərdə etibarlılıq, qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən münasibətlər qurmasının təzahürüdür.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri iki ölkə arasındakı yüksək münasibətlərin olduğunu təsdiqləməklə yanaşı, həm də göstərdi ki, əlaqələrin daha da inkişafı üçün geniş potensial var. Qarabağ münaqişəsinin həll olunması və Ermənistanla başlanılan sərhədlərin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Rusiya qarşısında yeni əməkdaşlıq perspektivləri açır və tərəflər bu imkanlardan maksimum yararlanacaqlarını bildirirlər. Belə bir əməkdaşlıq isə Cənubi Qafqaz regionunun gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Yaqut Ağaşahqızı, “İki sahil”