24 aprel 2024 16:46
335

Azərbaycan Prezidentinin Rusiyaya mühüm səfəri

Bu işgüzar səfər çərçivəsində ölkə başçısının Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü  nəzərə alsaq, bunu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, bu ümumittifaq quruculuğunda əvəzsiz xidmətləri olan bir insanın xatirəsinə Rusiya rəhbərliyinin və  dövlətinin dərin ehtiramının təzahürü hesab edə bilərik.  Bu baxımdan Rusiya Federasiyasının prezidenti V. Putinin fikirləri diqqəti çəkir: “Bunu bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi. Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. O, özü BAM-ın obyektlərində oldu, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin”.

Baykal-Amur Magistralının tikintisi çox zəhmət, fədakarlıq tələb edən bir layihə idi. Və belə bir məsuliyyətli, çətin vəzifənin öhdəsindən də iradəli, prosesi anlaya bilən, onun gələcək perspektivini görə bilən bir şəxs gələ bilərdi.  Keçmiş SSRİ-də Heydər Əliyevin qətiyyəti, işgüzarlığı hamı tərəfindən qəbul edilirdi.  Azərbaycan Prezidenti İlham Əliyev görüş zamanı bildirdi ki, “Ulu Öndər Heydər Əliyev  Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb.

Onu da xatırlayıram ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. Çünki bu insanlar demək olar ki, hər gün şücaət göstərərək, möcüzələr yaradaraq, sovet dövlətinin və bu gün isə həm Rusiyanın, həm də qonşu ölkələrin gələcək inkişafının müqəddəratını əvvəlcədən təyin edərək, uzun illər - 50 il və ya daha çox müddət ərzində həm regional, həm də beynəlxalq əməkdaşlığın inkişafı işinə xidmət edəcək unikal infrastruktur nümunəsi yaratmağa müvəffəq olublar”.

Azərbaycan müstəqillik əldə etdikdən və Rusiyada Vladimir Putin hakimiyyətə gəldikdən sonra Heydər Əliyev  həm də şimal qonşusu ilə mövcud mehriban qonşuluq münasibətlərinin memarı oldu. Estafeti Ümummilli Liderdən təhvil alan  Prezident İlham Əliyev çoxvektorlu xarici siyasət yürütmək və qonşularla mehriban münasibətləri inkişaf etdirmək üçün Heydər Əliyevin müəyyən etdiyi kursu  uğurla davam etdirmişdir. Ölkə başçısı Rusiya ilə  münasibətləri inkişaf etdirməklə nəticədə 2022-ci ilin fevralında iki dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə çatdırılmışdır. Ölkə rəhbərləri arasında yaradılmış etimad və qarşılıqlı anlaşma sayəsində İlham Əliyev və Vladimir Putinin qarşılıqlı qərarı ilə 44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra Qarabağa yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən  vaxtından əvvəl  tərk etməsi buna bariz nümunədir. Maraqlıdır ki, Azərbaycan prezidentinin Moskvaya səfəri də məhz bu dövrə təsadüf etdi.

     Balanslaşdırılmış xarici siyasət strategiyası həyata keçirən Rəsmi Bakı qonşularının əksəriyyəti ilə, (burada Türkiyəni xüsusi ilə vurğulamaq istərdim) eyni zamanda,  Avropa , Asiya, Yaxın Şərq və Afrika ilə özünü etibarlı dost və tərəfdaş kimi təsdiqləmişdir.  Son 30 ildə bu çoxvektorlu siyasət Azərbaycana böyük siyasi və iqtisadi təlatümlərdən qaçaraq regional və qlobal qüvvələr arasında uğurla tarazlıq qurmağa və yalnız öz milli maraqlarına əsaslanan müstəqil siyasətini həyata keçirməyə imkan vermişdir.  Azərbaycanın bu keyfiyyəti dünya birliyində qiymətləndirilir, onu kiminsə siyasətinin, ideyasının aparıcısı kimi görmürlər. Azərbaycanın bütün siyasəti və ideyaları onun özünə məxsusdur. Bugünkü qütbləşmiş dünyada Azərbaycan Respublikası siyasətin və diplomatiyanın möcüzələrini nümayiş etdirir. Axı çox az adam öyünə bilər ki, onlar eyni vaxtda tamamilə fərqli, hətta daha çox düşmən hərbi-siyasi blokların üzvü olan iki dövlətin - NATO üzvü Türkiyə və KTMT üzvü Rusiyanın müttəfiqidir.

Cənubi Qafqazda təhlükəsizlik məsələləri, əvvəlki kimi, bu gün də Rusiya-Azərbaycan münasibətlərində son dərəcə aktual olaraq qalır. Cənab İlham Əliyev xüsusilə vurğuladı ki, Azərbaycan və Rusiyanın digər sahələrdə olduğu kimi, regionda təhlükəsizlik sahəsində də qarşılıqlı fəaliyyətindən çox şey asılıdır. Azərbaycan Rusiya Federasiyası üçün doğrudan da şəffaf, məsuliyyətli, etibarlı tərəfdaşdır, digər məsələlərlə yanaşı, nəqliyyat və iqtisadi əlaqələrin inkişafı baxımından da vacibdir.

 Azərbaycan həm iqtisadi baxımdan, həm də “Şimal-Cənub”, Xəzər dialoqu kimi geostrateji layihələr, ümumilikdə regionda təhlükəsizlik məsələləri baxımından daha önəmlidir. Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur.  Azərbaycanla Rusiyanı birləşdirən dəmiryolu xətti var, ancaq gözlənilən 15 milyon ton yük həcminin daşınması üçün mövcud infrastruktur müvafiq qaydada genişləndirilməlidir. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir ki, biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək. Bu isə  perspektiv əməkdaşlıq istiqamətlərindən biridir.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor