24 aprel 2024 17:04
201

Seyran Ohanyan Tavuş sakinləri ilə görüşüb

Ermənistanın müxalif "Hayastan" fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan və fraksiyanın bir sıra digər deputatları Tavuş vilayətinin Kirants kəndinə gedib.

“İki sahil” xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, onlar Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasına qarşı çıxan etirazçılarla görüşüb.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası barədə razılığın əldə olunduğu və iki ölkə arasında münasibətlərin normallaşma istiqamətində irəlilədiyi hazırkı şəraitdə Ohanyan və müxalif fraksiyanın digər nümayəndələrinin bölgəyə səfəri müsbət heç nə vəd etmir. Etirazçılarla görüşən Seyran Ohanyanın vəziyyəti gərginləşdirmək üçün onlara göstərişlər verdiyi də istisna edilmir.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.