25 aprel 2024 01:57
300

Qırğızıstan işğaldan azad edilmiş ərazilərdə məktəb tikir

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib, müxtəlif sferaları özlərində ehtiva edən 18 sənəd imzalanıb.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində də  iştirak ediblər.

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində bu gün Qarabağda növbəti təhsil ocağının təməli də atılacaq. Bu barədə aprelin 24-də Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış edərkən məlumat veriblər.  Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Prezident məktəbin təməlqoyma mərasimində iştirak edəcək. “Belə qardaş münasibət bizim üçün çox önəmli əhəmiyyət daşıyır”, - deyə dövlətimizin başçısı  vurğulayıb. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

Qırğızıstan Prezidenti Sadır Japarov bildirib ki, Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir. Qırğızıstan Prezidenti əlavə edib: “Sabah bu məktəbin təməlini qoymağı planlaşdırırıq”.

Bununla da Qırğızıstan erməni barbarları tərəfindən viran qoyulmuş, hazırda geniş yenidənqurma işləri aparılan  Ağdama öz töhfəsini verir.

Hazırda Ağdamda digər  genişmiqyası işlərlə yanaşı, məktəb tikintisi  də aparılır. Qeyd edək ki, 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Ağdam şəhərində təməli qoyulmuş 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin tikintisinə başlanılıb. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. 2040-cı ilədək Ağdam şəhərinin əsas planı da hazırlanıb.  Bu plana əsasən, şəhərin coğrafi əhatəsi 3 dəfəyə yaxın artırılaraq 1750 hektar nəzərdə tutulub. Ağdam Azərbaycanda əhalisinin sayına görə 4-cü böyük şəhər olacaq.

Qeyd edək ki, indiyədək Orta Asiya dövlətlərindən Özbəkistan və Qazaxıstan işğaldan azad edilmiş ərazilərimizdə inşa olunan məktəb, həmçinin yaradıcılıq mərkəzinin  tikintisinə öz töhfələrini veriblər. Belə ki, 23 avqust 2023-cü ildə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, xanımı Ziroatxon Mirziyoyevanın iştirakı ilə  Füzulidə inşa olunan 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə 3 hektar ərazidə inşa edilmiş bu məktəb Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi sayılır. Prezident İlham Əliyev bu təhsil ocağını dost və qardaşlığımızın daha bir mərkəzi kimi xarakterizə etmişdir.

Bu ilin mart ayının 12-də isə Prezident İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi keçirilmişdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”