25 aprel 2024 14:07
188

Azərbaycan-Rusiya əlaqələri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir

Azərbaycan xarici siyasətində Rusiya ilə münasibitlər xüsusi yer tutur.  İstər Ulu Öndər Heydər Əliyevin zamanında, istərsə də onun layiqli davamçısı İlham Əliyevin zamanında iki dövlət arasında münasibətlər yüksələn xətlə inkişaf edib. Azərbaycanda uzun illər 150 mindən artıq rus yaşayıb. Bu, Cənubi Qafqazda öz etnik identikliyini, mədəniyyətini, dilini və dinini qoruyub saxlamış ən böyük rus diasporu olmuşdur. Azərbaycanda digər xalqlar kimi ruslara da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tam şəkildə inteqrasiya edə bilmək ucun hər cur şərait yaradılıb. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrı çox populyardır. Rus icması – iki xalq arasında real birləşdirici həlqədir. Bakıdakı Rus Pravoslav Kilsəsi rus icmasının mədəni və mənəvi irsinin, adət və ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynayır.  

Azərbaycan ilə Rusiya arasında ictimai-siyasi və humanitar münasibətlərin mühüm amillərindən biri də respublikada rus dilinin qorunub saxlanması və inkişafıdır. Azərbaycanda 300-dən çox orta məktəb və 20-dən çox ali məktəbdə tədris Azərbaycan və rus dillərində, bir sıra məktəblərdə isə yalnız rus dilində aparılır. Rus dilində təhsil alan şagirdlərin və tələbələrin sayı 100 min nəfərdən çoxdur. Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri – Bakı Slavyan Universiteti fəaliyyət göstərir.

Bütün bu sadalananlar artıq 30 il ərzində müstəqil Azərbaycan Respublikası və Rusiya Federasiyasının əməkdaşlığının necə hərtərəfli, çoxşaxəli, yalnız dövlət səviyyəsində deyil, həm də xalq və ictimai səviyyədə əlaqələrin formalaşdığının bariz sübutudur.

Elə 22 aprel 2024-cü il Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı vurğulanan məqamların bir çoxu da məhz bu əlaqələrin möhkəmliyini, etibarlılığını, hər iki tərəfin mövqeyini əks etdirdiyini bir daha nəzərə çatdırır.

Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutan Moskva səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni səhifə kimi qiymətləndirildi. Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxması və Qazaxın işğal altında olan 4 kəndinin qaytarılması ilə bir vaxtda baş tutan bu səfər gələcək əməkdaşlığın yeni detallarının müəyyən olunması və müttəfiqlik sazişində nəzərdə tutulan digər məsələlərin həlli baxımından olduqca əhəmiyyətlidir.

Azərbaycan-Rusiya əlaqələri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrin qarşılıqlı əlaqəsində siyasi münasibətlər hər iki ölkənin bu günü və gələcəyi üçün atılan ciddi və xeyirli addımların məcmusudur.

Səkinə Novruzova,
Bakı şəhəri, 27 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü