25 aprel 2024 17:24
331

Azərbaycan Türk dünyasını birləşdirən lokomotiv güc nöqtəsidir - POLİTOLOQ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanda səfərdə oldu. Türkdilli dövlətin rəhbəri  Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qarşılandı.

Japarovun səfərini "İki sahil"ə dəyərləndirən politoloq Tural İsmayılov vurğuladı ki, ölkəmiz hazırda siyasi güc olaraq mövqelərini möhkəmləndirib: "Bu gün dövlətimiz beynəlxalq siyasətin əsas oyunçularından biridir. Azərbaycan dünyada baş verən proseslərdə əsas nizamlayıcı qüvvələrdən birinə çevrilir. Cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasi kurs və ölkədə davamlı xarakter alan islahatlar nəticəsində Azərbaycan proseslərə yön verən əsas faktordur. 44 günlük Vətən Müharibəsindəki qələbəmizdən sonra isə Azərbaycan təkcə Avrasiya məkanı üçün deyil,  qlobal səviyyədə tədqiq edilən areala çevrilib. Hazırkı dünya düzənində Azərbaycanın birmənalı yeri mövcuddur.

T. İsmayılov vurğuladı ki, Azərbaycan qalib ölkə kimi bu gün Türk dünyasını birləşdirən lokomotiv güc nöqtəsidir: "Türk dünyası uzun illər qlobal imperializmin qorxduğu bir istinad nöqtəsi hesab edilib. Əsrlər boyu bu böyük qüvvəni sabotaj etmək istəyən dünya Türk birliyini əsassız formada təhdid kimi görüb. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Türk coğrafiyasında vacib nöqtlərdən birini də Qırğızıstan təşkil edir.  Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir.  2022-ci il aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Dəfələrlə Azərbaycan və Qırğızıstan rəhbərlərinin qarşılıqlı səfərləri olub. KTMT üzvü olan və olmayan Türk dövlət rəhbərlərinin Qarabağa səfərləri Türk dünyasının Azərbaycana dəstəyinin bariz nümunəsidir. Geosiyasi anlamda da mesaj verilir ki, Azərbaycanın maraqları tapdalanan bir formatda heç vaxt Ermənistanla səmimi ola bilməzlər.

Şəmsiyyə Əliqızı, “İki sahil”