27 aprel 2024 02:58
367

Terrorçu necə “sülh carçısı” ola bilər?

Xəbər verildiyi kimi, keçmiş separatçı qurumun sabiq "dövlət naziri", hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyan bir müddət öncə "xeyriyyəçilik və humanitar fəaliyyətinə görə" 2024-cü il üçün Nobel Sülh Mükafatına namizəd göstərilib. Xəbərin yayıldığı ilk günlərdə Ukrayna və Azərbaycanda separatizmi dəstəkləyən birisinin ali sülh mükafatına namizəd göstərilməsi ilk baxışdan xeyli təəccüblü görünürdü. Amma hadisələrin sonrakı inkişafı göstərdi ki, erməni terrorçunu Nobel Sülh Mükafatına namizəd göstərilməsinin arxasında başqa məqsədlər dayanır. Qərbin siyasi gedişlərinə az-çox bələd olanlar yaxşı başa düşür ki, Vardanyan kimi bir terrorçunun ali sülh mükafatına namizəd göstərilməsi heç də təsadüfi deyil.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında istintaqı davam edən Vardanyanın ittiham aktında da bildirilir ki, o separarizmə və terrorçuluğa dəstək verdiyinə görə saxlanılıb. Çünki Ruben Vardanyan Qarabağ məsələsi ilə bağlı heç vaxt heç bir sülh təşəbbüsü ilə çıxış etməyib, əksinə, bölgənin erməni mənşəli sakinlərinin radikallaşmasında, rəsmi Bakının təklif etdiyi konstruktiv danışıqlardan imtina etməsində xüsusi rol oynayıb. Digər tərəfdən isə Qarabağda süni şəkildə humanitar fəlakətin yaşanmasına birbaşa şərait yaradıb. 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri də məhz Vardanyanın və Vardanyan kimilərin Qarabağda apardığı fəaliyyətin məntiqli nəticəsi idi. Konstruktiv danışıqlar, Azərbaycan dövlətinin təklif etdiyi inteqrasiya planını qəbul etmək, erməni mənşəli sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsinə şərait yaratmaq yerinə, Vardanyan Qarabağın erməni sakinlərində düşmənçilik əhval-ruhiyyəsini möhkəmləndirməyə davam edirdi. Ruben Vardanyanın 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək qanunsuz olaraq Qarabağa gəlməsi ilə bu, daha qabarıq şəkildə özünü göstərdi. Heç bir ölkə tərəfindən tanınmayan, dünyanın Azərbaycanın ayrılmaz parçası kimi qəbul etdiyi Qarabağa qeyri-qanuni gəlib, burada qondarma “dövlət naziri” vəzifəsini tutmaq idi sülh təşəbbüsü? Əksinə, 2022-ci ilin noyabrından 2023-cü ilin fevral ayına qədər - 4 aydan çox Qarabağdakı qondarma rejimin “dövlət naziri” kimi “çalışan” Vardanyan Qarabağ məsələsinin nizamlanma prosesinə mənfi dinamika gətirdi. O, Laçın yolunda Azərbaycanın öz gömrük və sərhəd nəzarətini bərpa etməsindən sonra Qarabağda süni şəkildə yaradılmış “humanitar fəlakət”, “blokada şou”sunun əsas müəlliflərindən də biri oldu. Ruben Vardanyanın Qarabağ məsələsi kontekstində verdiyi müsahibə və açıqlamalarında “sülh təşəbbüslərinin inkişaf etdirilməsi” ilə bağlı demək olar ki, heç bir sitata rast gəlmək mümkün deyil. Onun açıqlamaları yalnız eskalasiyaya hesablanmış ifadələrdən ibarət olub. Bundan əlavə Vardanyan uzun illər Ukraynadakı Donbas separatçılarına da maddi dəstək göstərib. Hər zaman separatçıların yanında yer alıb, Ukraynanın ərazi bütövlüyünü tanımayıb. Vardanyanın sülh mükafatına namizəd göstərildiyi belə bir məqamda onun Ukrayna və Azərbaycan dövlətlərinə qarşı cinayətləri yada düşmür. Ortaya saxta və əsası olmayan “dəlillər” atılır. Halbuki, Azərbaycanda saxlanınadək Vardanyanın çirkli biznesi, qanunsuz əməliyyatları haqda çoxsaylı məlumatlar vardı. Hətta Beynəlxalq təşkilat olan - OCCRP (Mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsi) onun cinayətləri bardə geniş araşdırma yaymışdı. Bu məlumatlar isə dünyanın ən nüfuzlu media orqanlarında - “The Guardian”, “Suddeutsche Zeitung” və digər nəşrlərində dərc edilmişdi. Həmin hesabatda bildirilir ki, 2000-ci illərin əvvəllərində Vardanyana məxsus “Troyka” şirkətinin Nyu York və Londonda ofisləri açılıb. Eyni zamanda, ekzotik ofşorlarda - Panamada və ya Britaniyanın Virciniya adalarında broşürlərdə qeyd olunmayan, tamamilə fərqli şirkətlər yaradılıb.

Maraqldır ki, Vardanyan üçün bu, ilk “sülh mükafatı” deyil. Buna qədər USAID-in rəhbəri Samanta Pauer Vardanyana xüsusi mükafat təqdim edib. Üstəlik, təqdimetmə mərasimində Pauer Vardanyanla kameralar qarşısında poz da verib. Halbuki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri “Troyka Dialoq”un təsisçisi Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər. Göründüyü kimi, Vardanyana qarşı münasibətdə ikili yanaşma var. O, gah dələduz kimi qiymətləndirilir, gah da sülh carçısı kimi təqdim edilir. İkinci halsa daha çox Azərbaycanofobiya, türkfobiya, siyasi korrupsiya, “pulgirlik” və müxtəlif mükafatlar altında siyasi spekulyasiyadır. Belə çıxır ki, bir zamanlar Ruben Vardanyanla Samanta Paueri birləşdirən ortaq maraqlar indi də nobelçiləri oliqarx separatçı ilə bir araya gətirib... Vardanyanın təbliğinə səbəb, sözsüz ki, onun sərvətidir. 2024-cü ilin mart ayına olan məlumata görə, Vardanyan ailəsi 1,1 milyard dollar həcmində sərvətə malikdir. Ruben Vardanyanın yaxın illərdə öz biznes imperiyasına rəhbərlik edə bilməyəcəyini nəzərə aldıqda onun sərvəti ətrafında, maliyyə resurslarına çıxış əldə etmək uğrunda mübarizə getdiyini sezmək olar. Şübhəli, mənşəyi bilinməyən konfidensial təşəbbüs qruplarının ortaya çıxması, Vardanyanın adı ətrafında piar quraraq gündəm yaradılması da məhz bu mübarizənin birbaşa nəticəsidir. Amma bu riyakar plan sonda iflasa məhkumdur. Çünki heç bir reklam və piar kampaniyası Vardanyanın separatçı, qatil, qanunsuz əməllərin icraçısı kimliyini şübhə altına ala bilməz.

Sevinc Azadi, “İki sahil”