27 aprel 2024 01:16
1033

Fransanın bitib-tükənməyən Azərbaycan qorxusu

Fransa beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətsizlik göstərərək Cənubi Qafqazda gedən proseslərə müdaxilə etməyə çalışır və haqq işi uğrunda mübarizə aparan Azərbaycanı bu məsələdə əsas maneə kimi görür. Fransanın beynəlxalq səviyyədə ölkəmizə qarşı qərəzli mövqe tutmasının, təhdid dili ilə danışmasının, Ermənistanı silahlandırmasının, onun “qayğıları” ilə məşğul olmasının əsas səbəbi də elə budur.

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev bildirmişdir ki, biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığını görüb, sakit oturub gözləyə bilmərik: “Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq”. Bu isə o deməkdir ki, rəsmi Parisin Azərbaycana qarşı qərəzli addımları heç bir nəticə vermir, verməyəcək də. Əksinə, mövcud siyasi vəziyyət Azərbaycanın xeyrinə formalaşır. Riyakarlıqlar burulğanında çabalayan Makron bunu nəzərə almasa, Fransanı daha böyük iflas gözləyir. Hətta bu adi həqiqət Fransanın “Le Monde” qəzetinin 24 aprel sayında Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalədə də əksini tapıb: “Prezident İlham Əliyev Qələbədən sonra regionda getdikcə daha vacib aktora çevrilib. Ukrayna müharibəsi ona diplomatik və iqtisadi planda daha böyük təsir imkanı qazanmağa şərait yaradıb. Azərbaycan bu gün təkcə Rusiyanın deyil, həm də qazla təchiz etdiyi Qərbin çox vacib tərəfdaşıdır”. Qəzet yazır ki, Rusiyadan asılılığı azaltmaq üçün Avropa İttifaqı 2022-ci ilin iyulunda Bakı ilə yeni qaz sazişi imzalayıb. Sazişə görə, Azərbaycan 2027-ci ilədək Avropaya satacağı qazın həcmini ikiqat artırmalıdır.

Məqalədə, həmçinin 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatından sonra mandatı 2025-ci ildə bitəcək Rusiya sülhməramlılarının da buradan çıxarılmasının gündəmə gəldiyi bildirilir. Qeyd edilir ki, 2020-ci ilin noyabr sazişi imzalandıqdan sonra təqribən 2000 nəfərlik Rusiya sülhməramlı kontingentinin burada qalmasına heç bir əsas yox idi.

Yeri gəlmişkən, Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsində maraqlı olmayıb. Əksinə, ikitərəfli münasibətlərin beynəlxalq hüquq normalarına uyğun formada qurulmasına çalışıb.  Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin sözləri ilə desək, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Parisə qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub: ”Bu qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb”. Amma Cənubi Qafqazda sönmək­də olan münaqişənin yenidən alovlan­dırılmasına çalışan Fransa hələ də öz ampluasındadır. Hətta bu ölkə Azərbaycanla münasibətləri pozmaq üçün bütün siyasi gedişləri edir. Bu da Qərbdəki er­məni lobbisinin və diaspor təşkilatlarının Makrondan sözün həqiqi mənasında alət kimi istifadə etmələrini bir daha təsdiq edir. Elə Fransanın Azərbaycandakı səfirinin “məsləhətləşmələr” adı altında geri çağırılması buna misaldır. Şübhəsiz, Emmanuel Makron bu addımı ilə iki ölkə arasında əlaqələrin daha da gərginləşməsinə rəvac verir. Digər tərəfdən, sözügedən ölkə son günlər Ermənistanla Azərbaycanın öz aralarında problemləri çözməsinə, o cümlədən aprelin 19-da heç bir güllə atılmadan dinc yolla Qazax rayonunun Ermənistanın işğalı altındakı dörd kəndinin qaytarılması ilə əlaqədar razılaşmaya belə reaksiya verməyib. Bununla da siyasi şou göstərməkdə davam edəcəyini açıq-aydın bildirib. Halbuki,  sərhədlərin delimitasiyası prosesini əksər ölkələr - ABŞ, Britaniya, Rusiya, Almaniya, İran, Avropa İttifaqı ölkələri, hətta ərəb dövlətləri, eləcə də bir sıra beynəlxalq qurumların rəhbərləri alqışlayıblar. Ermənistanın baş naziri Nikol Paşinyan da bunu müsbət dəyərləndirib. Hətta o, bunu Ermənistanın suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsinin növbəti mərhələsi üçün açar hesab etdiyini vurğulayıb. Bütün bunların fonunda Fransanın destruktiv münasibət sərgiləməsi hətta erməni politoloqlarının da diqqət mərkəzindədir. Məsələn, erməni politoloq Akop Badalyan öz “facebook” səhifəsində yazıb ki, Fransa və Yunanıstan Ermənistan-Azərbaycan razılaşması ilə bağlı susmaqda davam edir: “Bəs “X”-də bir neçə sətir yazmaq niyə çətindir? Əlbəttə, yazmaq çətin deyil, amma bu ölkələr üçün öz maraqlarına zidd yazmaq bəlkə də çətindir. Bir neçə həftə əvvəl İlham Əliyev demişdi ki, Fransa Azərbaycanla regionda liderlik uğrunda mübarizə aparır. Azərbaycan Prezidenti onu da bəyan edir ki, bizə vasitəçi lazım deyil, aramızda razılaşma var”.

Görünür, Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşmasına dair Fransanın təbliğatının növbəti dəfə iflasa uğraması, həm də bu kimi problemlərin vasitəçisiz həllini tapması Makronun ürəyincə deyil. Çünki bu, onun bütün ümidlərinin puça çıxması deməkdir. Avropa İttifaqının və ABŞ-ın Brüsseldə İrəvanla gizli sövdələşməyə getməsi,  öz arxasınca aparmaq istədiyi Almaniyanın Azərbaycan-Ermənistan sülh prosesində ədalətli və qərəzsiz mövqe sərgiləməsi ona dəlalət edir ki, rəsmi Parisin Qafqaz “missiyası” artıq məhv olmaq üzrədir.

Makron unutmasın ki, beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edən Azərbaycan heç bir vasitəçi, o cümlədən Makron olmadan sülh müqaviləsinin imzalanmasına nail olacaq. Bununla da Qərbə, xüsusilə Fransaya nələrə qadir olduğunu, bunun da mümkünlüyünü  bir daha nümayiş etdirəcək. Bu da erməni diasporunun və lobbisinin ciddi təsirinə məruz qalmış Fransanıni tarixinə haqq işi uğrunda mübarizə aparan Azərbaycana məğlubiyyət kimi yazılacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”