27 aprel 2024 20:54
446

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayev adına beynəlxalq onlayn müsabiqə laureatlarının qala-konserti keçirilib.

“İki sahil” xəbər verir ki, fortepiano və fortepiano ansamblı üçün müsabiqədə 150 ölkədən, o cümlədən Azərbaycan, Rusiya, Belarus və İtaliyadan 10 iştirakçı iştirak edib. Onlar sovet dövrünün və müasir bəstəkarların əsərlərini ifa ediblər. Bir çox iştirakçı Qara Qarayev yaradıcılığına böyük həvəslə müraciət edib.

Münsiflər heyətinə Moskva Konservatoriyasının kafedra müdiri, professor Mixail Dubov (sədr), Moskva Konservatoriyasının müasir musiqi kafedrasının müdiri, professor Marianna Vısotskaya, Moskva konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Fərəc Qarayev və Qara Qarayev adına Moskva Uşaq Musiqi Məktəbinin direktor müavini Tatyana Qalçinova daxil olub.

Müsabiqəçilər qarşısında çıxış edən Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Zaur Paşayev səfir Polad Bülbüloğlunun salamını iştirakçılara çatdırıb, müsabiqə iştirakçılarını və qaliblərini təbrik edib. Diplomat bir neçə musiqiçini səfirliyin təsis etdiyi “Qara Qarayevin əsərlərinin ən yaxşı ifasına görə” xüsusi mükafatı ilə təltif edib. Azərbaycan ilə Rusiya arasında yaradıcılıq əlaqələrinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Qara Qarayev adına Uşaq Musiqi Məktəbi və bu təhsil ocağının direktoru Andrey Leonov səfirliyin fəxri fərmanları ilə təltif olunublar.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə də müsabiqənin təşkilatçılarına təşəkkür edib. O, Qara Qarayevin Azərbaycanın müasir bəstəkarlıq məktəbinin formalaşmasındakı rolundan danışıb.

Münsiflər heyətinin üzvü, dahi bəstəkarın oğlu Fərəc Qarayev qeyd edib ki, müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan musiqiçilərin iştirak etdiyi belə müsabiqələr yaradıcı gəncləri birləşdirir. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gənclərin mədəni tərbiyəsinə xüsusi əhəmiyyət verdiyini və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin Azərbaycanla Rusiya arasında dostluq münasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıb.