27 aprel 2024 22:23
468

Onlar da yurd-yuvalarına qayıdırlar... - ŞƏRH

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları nəhəng quruculuq, dirçəliş meydanına çevrilib. 30 ildən çox erməni faşistlərinin əsarətində olmuş bu ərazilərdə bütün sosial infrastruktur əsaslı şəkildə yenidən qurulur. Müasir tələblərə cavab verən yeni yaşayış binaları, xəstəxanalar, məktəblər, idman obyektləri tikilir, avtomobil,  dəmir yolları inşa olunur. Azərbaycan bütün bu işləri heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan yardım istəmə¬dən, öz gücü ilə həyata keçirir. Azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə Prezident İlham Əliyev şəxsən özü nəzarət edir. Qeyd edək ki,  müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar ətrafında vəsait yatırılıb və proses davam etdirilir. 

Bu ilin sonuna qədər 20 min keçmiş köçkün qayıdacaq...

Vətən müharibəsindən cəmi üç il yarım vaxt keçib, artıq 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən  Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsla aprelin 26-da birgə keçirdiyi mətbuat konfransında bildirdiyi kimi, 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min keçmiş köçkün qayıdacaq. Onların arasınd Laçın rayonunun Sus kəndinin sakinləri də olacaqlar. Artıq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köçkünlərin Laçın rayonunun Sus kəndinə ilk köçürüləcək ailələr arasında püşkatma da keçirilib. Tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Laçın rayonunun Sus kəndinə doğru...

Sus kəndində yeni inşa edilmiş fərdi evlər indiyədək müvəqqəti məskunlaşma yerlərində yaşayan və həmin kənddə daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. Püşkatma 59 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq onlardan 13-ü ikiotaqlı, 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evə köçürüləcək. Püşkatmada iştirak etmiş ailələrin yaxın günlərdə Laçın rayonunun Sus kəndinə yola salınmasına başlanacaq.
Qeyd edək ki, Laçın rayonunun inzibati ərazisinə daxil olan Zabux kəndi Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Keçmiş adı Xut Zabux olan kənd XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı kimi fəaliyyət göstərib, mövqeyinə görə Zabox (Zabux) adlanıb. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən Sadmanlı kəndləri də həmin adla adlandırılıb. Bütün tarixi dövrlərdə, Zabux kəndinin etnik tərkibi azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zabux kəndi strateji bir ərazi olduğu üçün ermənilər həmin əraziyə Suriya və Livandan erməniləri köçürüblər. Qeyd edək ki, Sus kəndi 2022-ci il avqustun 26-da erməni işğalından azad edilib və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayında Prezident İham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirmişdir ki, mən avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaqdır, dəymiş ziyan hesablanacaqdır: “Eyni zamanda, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaqdır. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi, ilk növbədə, yenidən qurulacaq”.

Buna tez bir zamanda nail olunacağına əminliyini bildirən Azərbaycan Prezidenti vurğulamışdır ki, Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz genişmiqyaslı quruculuq və bərpa işləri öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa etdiyimizi və edəcəyimizi göstərir. Bu qayıdış da elə bunun sübutudur. Qeyd edək ki, Laçın şəhəri artıq cənnətə çevrilməkdədir. Prezident İlham Əliyevin göstərdiyi diqqət və səylər nəticəsində bir neçə ildə azərbaycanlıların doğma yurdu olan Laçın abadlaşdırılıb. Artıq Laçın şəhərinə 1800-ə yaxın, Zabux kəndinə isə 800-dən çox vətəndaşımız daimi yaşayış üçün köçürülüb. 

Qvami Məhəbbətoğlu, “İki sahil”