29 aprel 2024 14:13
291

Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək

“Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu göz qabağındadır. 30 ölkədən 64 nümayəndəni bir araya gətirən, ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun ardınca  Qırğızıstan  Prezidenti Sadır Japarovun ölkəmizə dövlət, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri oldu. Bu səfərlər ölkəmizin  ikitərəfli  və şoxtərəfli çərçivədə əlaqələrin qurulmasına və yeni prioritetlər üzrə inkişaf etdirilməsinə xüsusi önəm verdiyini  bir daha təsdiqlədi. Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Almaniya ilə müxtəlif sahələr üzrə inkişaf etdirilən əməkdaşlıq da bunun bariz nümunəsidir. Cənab İlham Əliyevin  aprelin 26-da Almaniyaya işgüzar səfəri zamanı  Almaniya Prezidenti Frank Valter Ştaynmayer və  Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri, həmçinin   Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı, müzakirə edilən məsələlər, əlaqələrin gələcək inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər hər iki tərəfin münasibətlərin  inkişafında maraqlı olduğunu, bunun üçün səylərini daha da artırdıqlarını nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin Almaniya Prezidenti Frank Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə əsas diqqət göstərdi məsələ hazırkı dövrün əsas hədəfi olan regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi məsələsi oldu. Cənab İlham Əliyev bildirdi ki, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz ölkəmiz  olub. Belə ki, sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb və təqdim olunub. Prezident İlham Əliyev, həmçinin  Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun dəstəyi ilə Ermənistanın baş naziri ilə keçirilmiş görüşü, bu görüş çərçivəsində də məhz delimitasiya və demarkasiya məsələlərinin, sülh gündəliyinin irəlilədilməsinə dair müsbət müzakirələrin olduğunu qeyd etdi.  Almaniyanın xarici işlər nazirinin dəstəyi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri arasında görüşün keçirilməsi və sülh müqaviləsi üzrə əsaslı müzakirələrin  aparılması da xüsusi vurğulandı. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bildirdi ki, ölkəsi Ermənistanla Azərbaycan arasında sülh gündəliyini yaxından dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir. Mətbuata bəyanatında Prezident İlham Əliyevin son bir ildən artıq vaxtda   Almaniyaya dörd dəfə səfər etdiyini önə çəkən  Kansler Olaf Şolts qeyd etdi ki, bu, müzakirə edəcəyimiz mövzuların  çox olduğunu göstərir.”

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir. Həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir: “2022-ci ilin iyulunda  Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı  arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Dövlət başçısı İlham Əliyev Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı diqqəti bu mühüm sənədə yönəldərək bildirdi ki, qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda, yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb.  Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi. Yalnız bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat  təşkil edəcək. Bu potensialdan istifadə edərək qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik.”

Nurlan Həsənov qeyd edib ki, dövlətimizin başçısının Almaniyaya  işgüzar səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir:  “Almaniyanın Kansleri Olaf Şolt mətbuata bəyanatında onu da bildirdi ki¸ yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar. Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək.”

“Hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məsələsi Qırğızıstan Republikasının Prezidenti Sadır Japarovun ölkəmizə dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə,  dövlət başçısı İlham Əliyev ilə mətbuata birgə bəyanatlarında da xüsusi qeyd edildi” söyləyən millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, hər dövrün öz çağırışları vardır: “Onların uğurla həyata keçirilməsi üçün səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması məsələsi daim  öz aktuallığını qoruyur. Dövlət başçısı İlham Əliyev bu reallığı xüsusi qeyd etdi ki, bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk. Qarşılıqlı fəaliyyətin gündəliyi kifayət qədər genişdir.”