29 aprel 2024 15:49
404

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçiriləcək

Türk Mədəniyyəti və İrsi Fondunda təşkilata üzv ölkələrin mədəniyyət nazirlərinin, nazir müavinlərinin eləcə də ölkədə akkreditə edilən diplomatik korpusun rəhbər və nümayəndələrinin iştirakları ilə aprelin 30-da Bakıda Fondun Şura toplantısı keçiriləcək.

“İki sahil” xəbər verir ki, toplantıda 3 noyabr 2023-cü ildə Astanada keçirilmiş Türk Dövlətləri Təşkilatının dövlət başçılarının X Zirvə Görüşü çərçivəsində Fondun üzərinə qoyulan vəzifələr, o cümlədən 2024 və 2025-ci illər üzrə Fəaliyyət Planı, Türk Mədəni İrsi Konvensiyasının hazırlanması məsələləri ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, toplantı iştirakçıları arasında Azərbaycan mədəniyyət naziri Adil Kərimli, Qazaxıstan mədəniyyət naziri Aida Balayeva, Qırğızıstan Mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Çingiz Esenqul, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova yer alacaq.