30 aprel 2024 14:31
353

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda panel-müzakirə keçirilib - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda 2023-2024-cü tədris ili üzrə keçirilən dərslər başa çatıb.

“İki sahil” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində keçirilən yekun dərsdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı Əliabbas Salahzadə, İdarənin bölmə strukturlarının rəhbərləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Yekun dərs Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

MÜTDA-nın direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova mənalı ömrünü xalqına, Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən, misilsiz xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşən böyük azərbaycanlının - Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Azərbaycanda hakimiyyətinin hər iki dönəmində təhsilin Ulu Öndərin qayğısı, diqqəti ilə inkişaf yoluna qədəm qoyduğunu söyləyən N.Hüseynova qeyd edib ki, bütün fəaliyyəti dövründə elmə, təhsilə xüsusi prioritet kimi yanaşan Heydər Əliyev tərəqqinin yeganə yolunun məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görürdü.

YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ulu Öndər Heydər Əliyev dühasını daha dərindən dərk etmək, böyük bir epoxanın mahiyyətini, hadisələrini şərh etmək baxımından “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərsləri yüksək qiymətləndiriblər. Bildiriblər ki, Azərbaycan məktəbliləri Heydər Əliyevin öz xalqına qoyub getdiyi zəngin və tükənməz irsdən faydalanaraq layiqli vətəndaş olaraq yetişəcək və Vətənimizə öz dəyərli töhfələrini verəcəklər.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair şagirdləri maraqlandıran suallar cavablandırılıb, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin (UGİM) dərnək üzvlərinin ifasında dahi rəhbərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda 3 nömrəli UGİM-in dərnək üzvü Musa Murad “Sən elə bir zirvəsən” mahnısını səsləndirib.

Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət  quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya  çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi  dirçəlişin yaranması, Azərbaycanın  beynəlxalq  aləmdə nüfuzunun artması, həyata  keçirilən  sosial-iqtisadi  layihələr, qazanılan uğurlar  barədə  şagirdlərə ətraflı məlumatlar verməkdən ibarətdir.