30 aprel 2024 15:22
238

Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya həyata keçirilib

Bakı Baş Səhiyyə Mərkəzi Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya həyata keçirib.

TƏBİB-dən "İki sahil"ə verilən məlumata görə, tibbi aksiya zamanı sığınacaq müəssisəsinin 30-dan çox sakini tibbi müayinələrdən keçirilib, ümumilikdə 120-dən çox tibbi xidmət göstərilib. Aksiyada Bakı Baş Səhiyyə Mərkəzinin direktor müavini Ləman Mursaqulova, qurumun İxtisaslı tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Aytən Sultanova və Zabrat Sağlamlıq Mərkəzinin tibbi heyəti iştirak edib.

Terapevt, cərrah, nevroloq, oftalmoloq, otorinolarinqoloq, kardioloq, endokrinoloq və s. həkim-mütəxəssislərin müayinələrini əhatə edən tibbi müayinələr zamanı sakinlər, həmçinin elektrokardioqramma (EKQ) və şüa-diaqnostikası (USM) kimi diaqnostik müayinələrdən keçirilib. Həkim təyinatına əsasən, onlardan müvafiq olaraq laborator analiz nümunələri götürülüb.

Xəstələr üzərində aparılan bütün tibbi müayinələr onlar üçün açılan ambulator tibbi kitabçalarda qeyd olunub, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “e-Tabib” sistemində qeydə alınıb. İlkin müayinələr zamanı 6 nəfərə essential hipertenziya, 2 nəfərə xroniki pankreatit, 2 nəfərə xroniki xolesistit, 2 nəfərə sabit gərginlik stenokardiyası, gözün buynuz qişasının bulanması, diabetik retinopatiya, bud-çanaq oynağının koksartrozu və s. kimi 40-dan çox müxtəlif diaqnozlar qoyulub. Xəstələrə müxtəlif dərman müalicələri təyin olunub, 2 nəfərə isə əməliyyat üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrinə göndəriş vərəqəsi verilib.

Sığınacaq müəssisəsinin rəhbərliyi və sakinlər onlar üçün yaradılan bu şəraitə görə Bakı Baş Səhiyyə Mərkəzinin, o cümlədən TƏBİB-in rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, səyyar şəkildə tibbi aksiyanın həyata keçirilməsindən öz məmnunluqlarını ifadə ediblər.