30 aprel 2024 23:52
271

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Aprelin 29-30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilən “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb.

“İki sahil” xəbər verir ki, iki gündür davam etmiş təlimlərdə “Layihələrin məqsəd və vəzifələrinin müəyyən edilməsi”, “Layihə tərəfdaşlarının, hədəf qrupları və benefisiarlarının təyin edilməsi və onların gözləntiləri”, “Layihənin icra planının hazırlanması” və s. kimi mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb, praktiki qrup işləri təşkil olunub. Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspert aparıb.

Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin sertifikatları təqdim olunub.

Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib, bu proqramlarda indiyədək 300-dən çox QHT iştirak edib.

Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətini bundan sonra da davam etdirəcək.