02 may 2024 13:31
199

Əlcəzair parlamentarisi: “Bakı Prosesi” beynəlxalq təhlükəsizliyə və sülhə böyük töhfələr verir

“Bakı Prosesi” beynəlxalq təhlükəsizliyə və sülhə böyük töhfələr verir.

“İki sahil” xəbər verir ki, bu fikri Əlcəzair Milli Şurasının sədri Ali Talibi Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən "Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr" mövzusunda parlamentlərarası konfransda səsləndirib.

Azərbaycanın dünya miqyasında gördüyü işləri yüksək qiymətləndirən əlcəzairli parlamentari tədbirin çox mürəkkəb bir dövrdə keçirildiyini diqqətə çatdıraraq deyib: “Bakıya toplaşmaqda məqsədimiz sülhün və əmin-amanlığın təşviq olunmasıdır. Müxtəlif dinlərdən olan insanların qarşılıqlı anlaşma şəraitində yaşaması nəcib dəyərləri təcəssüm etdirir”.

Ölkəsində bu istiqamətdə maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdıran qonaq qeyd edib: “Əlcəzair müstəmləkəçilikdən azad olan bir ölkədir və biz bununla bağlı təcrübəmizi paylaşmaq istəyirik. Ölkəmdə mədəni müxtəlifliyin qorunması ilə bağlı milli strategiya qəbul edilib. Məqsəd mədəni irsimizin qorunmasıdır və onun gələcək nəsillərə ötürülməsidir”.