07 may 2024 20:05
285

“Ümummilli lider Heydər Əliyev - Müstəqil Azərbaycan dövlətinin banisi”

Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Naftalan Reabilitasiya Mərkəzi ərazi partiya təşkilatında tədbir keçirib.

“İki sahil” xəbər verir ki,  “Ümummilli Lider Heydər Əliyev - Müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Naftalan Reabilitasiya Mərkəzi ərazi partiya təşkilatının sədri Samir Qurbanov və digərlərinin çıxışlarında vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Dövlət idarəçiliyi sahəsində fenomen şəxsiyyət olan Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atıb. Məhz onun uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyində ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün zəmin yaradıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdırıb, xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırıb. Təcrübəli dövlət xadimi Ulu Öndər Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynayıb.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxılıb.