İllərdir ki, Naxçıvan Muxtar Respublikasında vüsət alan yaşıllaşdırma siyasətinə xidmət edən insanların əməyi ilə bu diyar əsl cənnətə cevrilir. İndi yurd yerimizin hansı tərəfinə baxsan, bu gözəllik səni məftun edir. Muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri, istərsə də, onun bölgələri indi başdan-başa yaşıl örtüyə bürünüb.
Bölgəmizdə həyata keçirilən bu tədbirlər çərçivəsində yol kənarlarının yaşıllaşdırılması da əsas yer tutur. Çünki avtomobillərdən çıxan karbon qazı elə bu yol kənarlarında əkilən ağaclar tərəfindən udulur və atmosferin çirklənməsinin qarşısı alınır. Bu mənada yol kənarlarında ağacların əkilməsinin böyük əhəmiyyəti var. Digər tərəfdən, ağaclardan yaradılan yaşıl tuneldə avtomobil idarə etmək sürücü üçün daha rahat, daha münasibdir. Bu həm sürücüyə, həm də sərnişinlərə yorucu təsir bağışlamır, yaşıllığın özündən bir rahatlıq bəxş olunur. Elə yol kənarlarındakı səkilərdə baş-başa verən ağacların kölgəsi ilə getmək piyadalara da xoş təsir bağışlayır. Xüsusilə də isti aylarda, Günəş insanı istisində qovuranda bunun mahiyyəti daha aydın dərk edilir.
Etiraf edək ki, bağ salmaq, ağac əkmək asan olduğu qədər də çətindir. Bunu həyət-bacalarında ağac əkib-becərən adamlar daha yaxşı bilirlər. Bəzən bir tingin hasilə gəlməsi üçün onun min bir nazını çəkməli, başına pərvanə kimi dolanmalı olursan. Nahaq demirlər ki, yaşıl aləm, bitkilər də canlılar kimidir. Bu gün müxtəlif ərazilərdə, təpələrdə, çay vadilərində, ümumiyyətlə, əkinəyararsız torpaqlarda terras üsulu ilə həyata keçirilən yaşıllaşdırma siyasəti isə bir daha sübut edir ki, el-oba sevgisi, gələcəyə qayğı boz çölləri də gülüstana çevirər. 2004-cü ildən başlayaraq, əsası Uzunoba gölünün ətrafındakı yamacda qoyulan terras üsulu nəinki bu gün o ərazidəki qumsal təpələri, həmçinin “Əshabi-Kəhf” ziyarətgahına gedən yolun ətraflarını, Şərur rayonunda Arpaçay vadisinin, Havuş kəndinə gedən yolun ətraflarını, Duzdağa gedən yolun və Əlincəçayın kənarlarını əhatə edən ağaclıqlar da bunu sübut edir. Həmçinin Gilançay vadisində, Naxçıvançayın sahilboyu ərazilərində, Batabata gedən yolun kənarlarında, Heydər Əliyev Su Anbarının ətrafında, Şahbuz rayonunun girəcəyində, rayonun Daylaqlı kəndinin üstündə, Ağbulağa gedən yolda təpələrdə və digər yerlərdə cənnətməkan yaradıb.
Burda bir amill əsas götürülüb : terras üsulu ilə salınan yaşıllıq əraziləri bir tərəfdən adamı yolboyu boz çöllərə dikilən göz yorğunluğundan qurtarıb ona füsunkarlıqdan zövq almaq imkanı qazandırırsa, digər tərəfdən mütəxəssis fikirlərinə görə, meşələr, bağlar rütubət toplayıcısı rolunu oynayır və düzənliklərə suyun paylanmasını tənzimləyir. Eyni zamanda, dağlıq yerlərdə torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır, bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntəqələrini, abidələri təbii amillərin zərərli təsirindən qoruyur. Mikroiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır, dərə, yarğan və hərəkət edən qumları bərkidir, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır. Bu və bu kimi amillərə xidmət edən ağaclıqlar həmçinin buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Bunlarla yanaşı, bir hektar meşə sahəsi il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen buraxır. Bu mənada akademik Həsən Əliyev deyib: “Bəlkə də toya, yasa və digər mərasimlərə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə yaşamağa yubanmaqdır”.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən yaşıllaşdırma aksiyasında uzunömürlü ağaclara üstünlük verilməsi də təqdirolunası haldır. Digər tərəfdən, son illər meyvə bağlarının salınmasına da xüsusi diqqət yetirilir ki, bu da meyvəçiliyin inkişaf etdirilməsində, bolluq yaradılmasında mühüm amildir. Bu gün meyvə tingləri arasında istiyə və suya davamlı cəviz, badam ağaclarının çoxluq təşkil etməsi, həmçinin Kəngərli rayonu ərazisində 100 hektar sahədə püstə bağının salınması da bununla bağlıdır.
Bir sözlə, təbii sərvətlərə münasibət xalqın ümumi, mədəni səviyyəsinin konkret göstəricisidir. Təbiətə sevgini bu gündən gələcəyə aparmaq hər kəsin borcudur və bu istiqamətdə muxtar respublikada böyük işlər görülür. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cari ilin yaz mövsümünə dair aldığımız məlumat: 2017-ci ilin 25 aprel tarixinədək muxtar respublika ərazisində 88.5 ha sahədə yeni meyvə bağları, yaşıllıq zolaqları salınmış, 54.8 ha sahədə bərpa aparılmış, ümumilikdə 188415 ədəd meşə və meyvə tingi əkin dövriyyəsinə daxil edilmişdir. O, cümlədən Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, tebeli idarə və müəssisələri tərəfindən bugünədək ümumilikdə, 44.0 ha sahədə yeni meyvə bağları və meşə sahələri salınmış, 35.5 ha sahədə bərpa aparılmışdır. Püstə bağında 25 ha sahədə bərpa aparılmış, 5000 ədədə yaxın püstə fidanı əkilmişdir. Yaşıllaşdırma işlərində 67340 ədəd meşə və meyvə tingi əkin dövriyyəsinə daxil edilmişdir. toxmacarlıq sahələrində 23300 ədəd iydə, 64400 ədəd üzüm, 5000 ədəd tut qələmi, dibçəklərdə 830 ədəd ting əkilmişdir.
Görülən bu işlərin içərisində vacib bir məqamı-yaşıllıqların becərilməsində mütərəqqi suvarma şəbəkəsinə üstünlük verilməsini də vurğulamaq lazımdır. Çünki bu suvarma üsulu ilk olaraq Naxçıvandan başlanıb və damcı üsulu ilə suvarma həm də qumsallıqlarda torpaq yuyulmasının qarşısını xeyli alır.
Bu da bir həqiqətdir ki, əkilən tinglər diyarımızın ümumi görünüşünü gözəlləşdirir, mahiyyət etibarilə insanlara xidmət edir və elə buna görə də hər bir sakin, təbiətsevər insan ürəklə çalışır, doğma ocağa sevgilərini çalışqanlıqları, əməkləri ilə sübut edirlər. Məhz bu ənənənin mənəviyyat borcu olduğunu tam mənası ilə dərk edən insanların əməyi ilə günbəgün muxtar respublikanın ərazisinin ecazkarlığı artır.
Hafizə Əliyeva,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti