Lənkəran rayonunun Cil kənd sakini Amid Xurşudzadə həyətyanı torpaq sahəsində su quyusu qazarkən yerin 5 metr dərinliyindən qədim saxsı qablar üzə çıxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni maddi-mədəniyyət nümunələrinin ikisi bütöv, biri isə sınmış halda olub.
Amid Xurşudzadə bildirib ki, onun məskunlaşdığı ərazidə əvvəllər yaşayış olmayıb. O, yeni tapıntıları kəndin yaşlı adamlarına və tarix müəllimlərinə də göstərib. Məişətdə istifadə olunan qabların bir neçə yüz il əvvələ aid olduğu ehtimal edilir.
Ev sahibi dulusçuluq məmulatlarının yoxlanılması və tarixinin araşdırılması üçün aidiyyəti qurumlara təhvil vermək niyyətindədir.