15 yanvar 2018 14:41
506

İxracatçılara növbəti dəstək

Dövlət başçısının imzaladığı yeni Fərmanda hansı məsələlər əksini tapıb?

Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdirilir. Həyata keçirilən bu siyasət ölkədə qeyri-neft sektoru üzrə sahibkarlıq subyektlərini təkcə yerli bazar üçün yox, həmçinin xarici bazarlar üçün məhsul istehsalına təşviq edir. Son illərdə bu istiqamətdə yaradılan qanunvericilik bazası, görülən stimullaşdırıcı tədbirlər geniş vüsət almaqdadır.

Belə tədbirlərdən biri də “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2018-ci il tarixli Fərmanıdır.

Qüvvədə olan Qaydaya əsasən, hər ixrac missiyasının müddəti 4  gündən və hər ixrac missiyasında iştirak edən ixracatçıların sayı 20 nəfərdən artıq ola bilməzdi. Dəyişikliyə əsasən ixrac missiyasının müddəti il ərzində 6 gün, hər ixrac missiyasında iştirak edən ixracatçıların sayı üçün hədd isə 30 nəfərə qaldırılıb.  İndiyə qədər təşkil edilən ixrac missiyasının sayı təqvim ili ərzində 10-dan çox ola bilməzdi. Dəyişikliyə əsasən bu hədd də 25-ə qaldırılıb.

Eyni zamanda indiyə qədər hər bir bazar araşdırmasına görə ödənilən dəstək məbləği 20 min manatdan artıq ola bilməzdi. Dəyişikliyə görə, bu məbləğ 20 min manatdan 30 min manata qaldırılıb.

İndiyə qədər ixracatçıların xarici ölkələrdə məhsula sertifikat və patent almasına, habelə əmtəə nişanlarının qeydiyyatına görə onlara ödənilən dəstək məbləği qeyd olunan işlərlə bağlı çəkilən xərclərin 50 faizini (5 min manatdan artıq olmamaqla) təşkil edib. Dəyişikliyə əsasən, sənəddə nəzərdə tutulan “xarici ölkələrdə sertifikat və patent”   “beynəlxalq sertifikat”la əvəz edilib. Dəstək tədbiri çərçivəsində alınmasına dəstək verilən beynəlxalq sertifikatların siyahısını İqtisadiyyat Nazirliyi müəyyən edəcək və özünün rəsmi internet saytında yerləşdirəcək. Hər bir ixracatçı üçün beynəlxalq sertifikatın alınmasına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50 faizini (60 min manatdan artıq olmamaqla) təşkil edəcək.

Bundan başqa sənədə (xarici ölkələrə məhsulların idxalını və ya distribütorluğunu həyata keçirən şəxsin Azərbaycan bazarından qeyri-neft məhsullarını alması üçün təşkil edilən fəaliyyət) adlanan yarımbənd əlavə edilib. Fərmana əsasən Azərbaycanın iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, alıcı missiyalarının tarixini və iştirak edəcək xarici şəxsləri İqtisadiyyat Nazirliyi müəyyən edəcək və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirəcək.

Sənəddə bildirilib ki, hər alıcı missiyasının müddəti 6 gündən və hər alıcı missiyasında iştirak edən alıcıların sayı 10  nəfərdən artıq ola bilməz. Hər alıcı missiyasında alıcı yalnız bir nümayəndə ilə təmsil edilə bilər. Təşkil edilən alıcı missiyalarının sayı isə il ərzində 20-dən çox ola bilməz. Alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycana səfəri ilə bağlı təşkilati işləri  və onlarla bağlı xərcləri İqtisadiyyat Nazirliyi təmin etməlidir.

Bu dəyişikliklər ölkədə istehsal olunan məhsulların ixracının artırılmasına xidmət etməklə, sahibkarlar üçün geniş mənada dövlət dəstəyini ifadə edir. Bununla da  dövlət qeyri-neft sektoru üzrə məhsul istehsalının bütün mərhələlərində sahibkara hərtərəfli dəstək olunmaqla kifayətlənmir, məhsulun dünya bazarlarında satışını da təşkil edir. Elə bu sahədə aparılan islahatların nəticəsidir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ilin yanvar-noyabr aylarında 1386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1 faiz, real ifadədə isə 21,8 faiz çoxdur. Qeyri-neft məhsulları istehsalı  isə 2,4 dəfə  artıb.   

Ceyhun Piriyev, “İki sahil”