11 yanvar 2018 23:48
1279

Vüqar Bayramov: İxracın artırılması vacibdir, amma...

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. 2017-ci ilin xüsusilə Azərbaycan iqtisadiyyatı üçün uğurla nəticələndiyini diqqətə çatdıran ölkəmizin başçısı cənab İlham Əliyev bildirdi ki, bu uğurun təməlində ölkədəki sabitlik, həyata keçirilən iqtisadi islahatlar dayanır. İqtisadçı ekspert Vüqar Bayramovla ötən ilin müsbət nəticələrinə nəzər saldıq və uğurumuzu şərtləndirən amillərdən danışdıq. Beləliklə, müsahibimiz iqtisadçı ekspert Vüqar Bayramovdur.

- Vüqar müəllim, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün bir sıra önəmli nəticələrlə yadda qaldı. İlk olaraq qazandığımız iqtisadi uğurları şərtləndirən amillərdən danışaq:

-Ümumiyyətlə, 2014-cü ildə neftin dünya bazarında qiymətinin aşağı düşməsi post-neft dövrünün başlanması üçün şərait yaratdı. Təbii olaraq bu porses 2015-2016-cı illər Azərbaycan iqtisadiyyatı üçün müəyyən çətinliklər yaratdı. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi milli valyutanın məzənnəsinə də təsir göstərdi. Bu baxımdan 2017-ci ildə iqtisadi sabitliyin əldə edilməsi çox vacib idi. İclasda da qeyd olunduğu kimi, əsas hədəf iqtisadi stabilliyə nail olmaqdan ibarət idi.  Bu, eyni zamanda növbəti illərdə iqtisadi artımın formalaşdırılması  üçün baza demək idi. 2017-ci ilin göstəriciləri sübut edir ki, xüsusilə qeyri-neft sektorunun inkişafı və bu sektorda ixracatın artırılması ilə bağlı hədəflərə nail olmaq mümkün oldu. Manatın stabilliyinin qorunub saxlanılması da önəmli məsələlərdən biri idi. Çünki bu, ümumilikdə iqtisadiyyatın stabilliyinə təsir göstərən faktordur. Ötən ildə makroqitsadi stabilliyin qorunub saxlanılması Azərbaycanda həm tədiyə balansına, həm də xarici ticarət dövriyyəsinə birbaşa təsir göstərdi.  İclas da qeyd olunduğu kimi, xarici ticarət dövriyyəsində ixracın idxalı üstələməsi və ixracın idxaldan 6,2 milyard dollar artıq olması ölkəyə daxil olan valyutanın həcmi baxımından olduqca vacibdir. Makroiqtisadi stabilliyin qorunması mühümdür. Çünki onun iqtisadi və sosial təsirləri var. Eyni zamanda bu, yeni iş yerlərinin yaradılmasına birbaşa təsir göstərir. Həm tədiyyə, həm də xarici siyasət dövriyyəsində müsbət saldonun əldə edilməsi və qorunub saxlanılması olduqca vacibdir. Çünki ölkəyə daha çox valyuta daxil olur, valyuta bolluğu yaranır, bununla da valyutaya olan tələb ödənilir.  2017-ci ildə biz tədiyyə balansında müsbət saldonun əldə edilməsini müşahidə etdik ki, bu da ölkəyə daxil olan valyutanın, xarici ticarət dövriyyəsi vasitəsilə ölkədən çıxan valyutadan 6,2 milyard dollar çox olmasına gətirib çıxarır.

- Ötən ildə eyni zamanda, strateji valyuta ehtiyatlarında da nəzərəçarpan artım qeydə alınıb.

- Bəli, makroiqtisadi göstəricilərlə yanaşı, diqqəti cəlb edən ən mühüm məqamlardan biri 2017-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatlarında artımın qeydə alınmasıdır. Strateji valyuta ehtiyatlarının artırılması olduqca vacibdir. 2014-cü il də neftin dünya bazarındakı qiymətində proqnozlaşdırılmayan azalmalar da ondan xəbər verir ki, hər bir ölkə strateji valyuta ehtiyatlarına malik olmalı və onu qoruyub saxlamağa çalışmalıdır. Rusiya, Qazaxıstan təcrübəsi də göstərir ki, neft ölkələri üçün strateji valyuta ehtiyatı, həm də sığorta yastığı rolunu oynayır və ölkə strateji valyuta ehtiyatlarına nə qədər çox malik olursa, nəticədə dayanıqlı, balanslı iqtisadi inkişaf üçün bir zəmin formalaşır. Strateji valyuta ehtiyatlarımız həm Dövlət Neft Fondunun aktivləri formasında, həm Mərkəzi Bankın valyuta ehtiyatları formasında artıb və nəticədə 2017-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları təxminən 4,2 milyard dollar artaraq 42 milyon dollara qədər olub ki, bu da ölkəmiz üçün olduqca mühüm rəqəm və yüksək nəticədir.

- İqtisadiyyatın şaxələndirilməsi də mühüm amildir. Ötən il bu mənada nələrə nail olduq?

-2017-ci ilin iqtisadiyyatın şaxələndirilməsinə nail olunması baxımından da olduqca vacib idi. İxracın artırılması vacibdir, amma ixracda qeyri-neft sektorundan istehsal edilən məhsulların ixrac imkanlarının genişləndirilməsi daha vacibdir. 2017-ci ildə qeyri-neft sektorunun ixrac qabiliyyəti 24 faiz artıb. Bu, bir tərəfdən ixracın ümumi həcmində artımlarla nəticələndi, digər tərəfdən isə qeyri-neft sektorundakı ixracat strukturunun diversifikasiya edilməsi baxımından olduqca vacib idi. Çünki neftin dünya bazarında qiyməti proqnozlaşdırıla bilən deyil. Buna görə də qeyri-neft sektorunun inkişafı Strateji Yol Xəritəsinə uyğun olaraq mərhələli şəkildədavam etdirildi.

- Strateji Yol Xəritəsindən söz düşmüşkən, 2017-ci il həm də Strateji yol xəritələrinin icrasının ilk ili idi.

- Bildiyiniz kimi, 2016-cı ilin dekabrında cənab Prezident tərəfindən Strateji yol xəritələri təsdiq olundu. Ümumiyyətlə, iqtisadi stabilliyin əldə edilməsi, həm də növbəti illərdə Strateji Yol Xəritəsində nəzərdə tutulan fəaliyyətlərin icrası baxımından çox vacibdir. 2017-ci il bu tərəfdən də uğurlu oldu. Strateji yol xəritələrinin icarsının ilk illində makroiqtisadi göstəricilərin müsbət mənada yüksək olması imkan verəcək ki, növbəti illərdə Strateji Yol Xəritəsində nəzərdə tutulan fəaliyyətləri daha uğurla icra etmək mümkün olsun. Bu baxımdan 2017-ci il Azərbaycan üçün mühüm il idi.

- Vüqar müəllim, ötən il kənd təsərrüfatına cəlb olunan yeni texnologiyalar üçün büdcədən 160 milyon manat vəsait xərclənib. Nəzərə alsaq ki, kənd təsərrüfatı ölkənin həm idxal, həm də ixrac prosesində önəmli yer tutur, ötən ildə bu sahənin  nail olduğu nəticələri yüksək qiymətləndirə bilərikmi?

-Kənd təsərrüfatı istehsalı Azərbaycan üçün həm də ərzaq təhslükəsizliyinin təmin edilməsi baxımından vacibdir. Azərbaycanda məşğul əhalinin 37,8 faizi kənd təsərrüfatında çalışır. Deməli, bu sahənin inkişaf etdirilməsihəm də məşğulluğun artırılması baxımından vacibdir. 2017-ci ildə “Made in Azerbaijan” brendinin inkişaf etdirilməsi istiqamətində xeyli işlər görüldü. “Made in Azerbaijan” məhz daha çox ərzaq məhsullarının istehsal edilməsi və ərzaq məhsullarının bu ad altında yeni xarici bazarlarda tanıdılmasından ibarət idi. 2017-ci il xüsusilə ənənəvi bazarlardan asılılığın aradan qaldırılması və yeni bazarlara keçidin əsasının qoyulması baxımından da önəmli oldu.

- Bu il daha üç “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə başlaması planlaşdırılır. Mərkəzlərin sayının artırılması ölkənin bu sahədə hansı tələbatlarını ödəyəcək?

- “ASAN xidmət” həm vətəndaşlarımızın fərqli xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, həm də proseslərin elektronlaşdırılması baxımından olduqca vacibdir. Bildiyiniz kimi, artıq iş adamları, sahibkarlar da bəzən hətta kommunal xidmətləri belə, “ASAN xidmət” vasitəsilə əldə edə edirlər. Bu baxımdan “ASAN xidmət”in genişləndirilməsi həmkorrupsiyanın sıxışdırılıb aradan çıxarılması,həm də şəffaflığın artırılması baxımından önəmlidir. “ASAN xidmət”in model olaraq özəlliyi ondan ibarətdir ki, bu qurum bütövlükdə dövlət xidməti sektorunda rəqabətin yaranmasına imkan verir. “ASAN xidmət”in genişləndirilməsi həm də dövlət xidmət orqanları arasında rəqabət yaradır. Məsələn, eyni xidmət həm “ASAN xidmət” tərəfindən, həm də başqa bir dövlət qurumu tərəfindən həyata keçirilir. Nəticədə hətta nazirlik və komitədə də xidmət “ASAN xidmət”in keyfiyyət baxımından səviyyəsində saxlanılır. Bu modelin özəlliyi ondan ibarətdir ki, sadəcə vətəndaşların, sahibkarların elektron xidmətə çıxış imkanlarını genişləndirilmir, eyni zamanda dövlət xidməti sektorunda rəqabəti gücləndirməklə, həm də digər dövlət qurumlarının daha keyfiyyətli , şəffaf xidmət göstərmələrinə imkan yaradılır. Bu baxımdan “ASAN xidmət” mərkəzlərinin sayının artırılması imkan verəcək ki, əhalinin əlçatanlığı təmin edilsin, eyni zamanda, əsas hədəflərdən olan şəffalığın artması və elektron xidmətlərin miqyasının genişləndirilməsi ilə bağlı hədəflərə çatmaq mümkün olsun”.

Şəfiqə Dadaşova,
Mənsumə Babayeva, “İki sahil”