11 yanvar 2018 22:39
2341

Aqroparkların yaradılması hansı inkişaf templəri vəd edir?

İqtisadi inkişaf baxımından 2018-ci ilin 2017-ci illə müqayisədə daha uğurlu olacağı gözlənilir. Təbii ki, bu,  yalnız yerli iqtisadçıların və Azərbaycan hökümətinin fikri deyil, eyni zamanda, nüfuzlu beynəlxalq maliyyə qurumlarının da araşdırmalarının nəticəsidir. Belə ki, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı 2018-ci ildə bölgədəki digər ölkələrdən fərqli olaraq Azərbaycanda mütləq iqtisadi artımın olacağını proqnozlaşdırırlar.

2018-ci ildə ölkəmizin yüksək iqtisadi inkişaf temp ilə bağlı proqnozları son bir neçə ayda neftin dünya bazarlarındakı qiymətinin artması ilə əlaqələndirmək istəyənlər də tapıldı. Lakin Azərbaycan iqtisadiyyatının indiki inkişafameyilli istiqamətlərini təhlil edəndə aydın olur ki, hətta yaxın gələcəkdə neftin qiymətinin aşağı düşəcəyi halda belə Azərbaycan iqtisadi inkişafını davam etdirə biləcək.

Ona görə ki, ölkəmiz ötən 5 il ərzində dünyanı bürüyən beynəlxalq iqtisadi böhrandan ən səmərəli şəkildə çıxmağı bacarıb. İlk növbədə postneft dönəmi üçün çox ciddi iqtisadi potensial yaratmağa nail olub. Məhz Prezident İlham Əliyevin 2014-2017-ci illər ərzində kənd təsərrüfatı və sənayeləşməsi istiqamətində apardığı iqtisadi islahatları beynəlxalq ekspertlər inqilabi islahatlar adlandırıblar.

Xüsusilə kənd təsərrüfatında aparılan islahatlar və fermerlər üçün yaradılan ən yuksək şərait öz bəhrəsini verməkdədir. Belə ki, son iki ildə ölkəmizin ixracatında kənd təsərrüfatı məhsullarının həcmi xeyli genişlənib. Dövlət Stastistika Komitəsinin məlumatına görə, 2017-ci  ildə kənd təsərrüfatı məhsullarının ixrac potensialı 40 faizədək yüksəlib. Həmçinin ötən il kənd təsərrüfatında ümumi məhsulun dəyəri faktiki qiymətlərlə 6 milyard 200,6 milyon manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan kənd təsərrüfatında daha modern bir kurs üzrə inkişafı hədəfləyib. Bu, məhz dövlətin maliyyə dəstəyi ilə yaradalıması nəzərdə tutulan 38 böyük aqroparkdır. Aqropark biznes modeli olaraq ilk dəfə dünyanın ən qabaqcıl kənd təsərrüfatı ölkəsi olan və bu sahədən ən yüksək səviyyədə gəlir götürən Hollandiyada yaranıb ki, bu da kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, logistikasını və digər xidmətləri özündə birləşdirən təsərrüfat subyektidir. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı və emal prosesləri, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq, satış (daxili bazar və ixrac) və digər xidmətlər, xammal istehsalı, emal prosesləri yüksək gəlirlilik şəraitində həyata keçirilir. Bununla yanaşı, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə, onların mühafizəsi təmin olunur, eləcə də bitkiçiliyin, heyvandarlığın, emal sənayesinin və digər sektorların inkişafı üçün möhkəm əsaslar yaranır.

Burada bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, aqroparklar yalnız məhsul bolluğu yaratmağa xidmət etmir, eyni zamanda, təbii üsullarla yetişdirilən, ekoloji cəhətdən təmiz və  yüksək keyfiyyətli, insan sağlamlığı üçün zərərsiz olan ərzaq məhsullarının istehsalını da reallaşdırır. Məhz bu amil həm ölkə vətəndaşlarının sağlam qidalanması baxımından, həm də ixrac məhsullarımızın daha çox alıcı tapmasına hesablanıb. Aqroparkların yaradılması həm də aqrar sektordakı fərdi fəaliyyətdən, iri istehsal sahələrinə keçməyə imkan verir.

Təbii ki, indi kənd təsərrüfatı məhsullarının istehsalında yüksək texnika və texnologiyalardan istifadə edən iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması zərurətdir. Ona görə ki, müasir əkin texnologiyalarından istifadə edən iri fermer təsərrüfatlarında məhsuldarlıq daha yüksək olur. Hazırda ölkəmizin 20 rayonunda 22 sahibkara məxsus 44 min hektaradək sahəsi olan 32 iri fermer təsərrüfatı fəaliyyət göstərir. Bununla yanaşı, yeni aqroparkların yaradılmasına da start verilib. Artıq Yalama aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb və payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlığa - hər hektardan 156 sentner yüksəkkeyfiyyətli məhsul istehsalına nail olunub. Şəmkir Aqroparkında isə birinci mərhələ üzrə işlər gedir. Ümumilikdə 22 rayonda 130 min hektaradək ərazidə 27 aqroparkın yaradılması planlaşdırılıb.

Bununla belə, dünyada olduğu kimi, ölkəmizdə də kiçik və orta fermer təsərrüfatları say və malik olduğu torpaq sahələrinə görə hələ də üstündür. Elə buna görə də Azərbaycan dövləti belə təsərrüfatlara hər cür dəstək verilir. Güzəştli kreditlərin çox hissəsinin aqrar sektorda çalışan kiçik və orta sahibkarlara ayrılması da bu dəstəyin nəticəsidir

Aqroparkların yaradılması əsasən bağçılıq, quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ərzaq məhsullarının idxalının minimum faizə endirilməsinə və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.

Elçin Zaman, “İki sahil”