11 yanvar 2018 22:32
1372

Tarladan süfrəyə

Ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində hansı yeniliklər gözlənilir?

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı sisteminin tam formalaşması, qida məhsullarından səmərəli istifadə üçün əlverişli şərait yaradılıb.

Ərzaq təhlükəsizliyində aparıcı sahə olan kənd təsərrüfatının inkişafı iqtisadiyyatın inkişafından, onun resurslarının artırılmasından və onlardan səmərəli istifadə mühitindən, dünya təsərrüfatı sisteminə inteqrasiyanın və ərzaq bazarında rəqabətin xarakterindən asılıdır. Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə olunub. Görülmüş tədbirlərin davamı olaraq, əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün də əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib.

Xəbər verildiyi kimi, yanvarın 1-dən ölkədə daha bir agentlik - Qida Təhlükəsizliyi Dövlət Agentliyi fəaliyyətə başlayıb. Agentlik “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək.

Prezident İlham Əliyev ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirir. Dövlət başçısının “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanı da bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Fərmana əsasən, ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması nəzərdə tutulurdu. Ötən ilin noyarbrın 13-də isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addım atıldı. Dövlət başçısının müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edildi.

Sənədə uyğun olaraq qurumun tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu da yaradılacaq. Qida Təhlükəsizliyi İnstitutu isə qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparacaq, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirəcək, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların layihələrini hazırlayacaq və aidiyyəti üzrə təqdim edərək, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərəcək.

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması nəticəsində ölkədə qida təhlükəsizliyinə nəzarət sistemi daha da təkmilləşəcək, bu sahədə şəffaflığı artıracaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq, habelə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi təmin ediləcək. Qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin tətbiqi resurslara qənaət edilməsinə, istehlakçı maraqlarının qorunmasına, xarici ölkələrə ixrac edilən qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə, idxal olunan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzərətin gücləndirilməsinə səbəb olacaq.

Əhalinin qida məhsulları ilə etibarlı təminatı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir və son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində ciddi addımlar atılır. Qida Təhlükəsizliyi Agentliyi də bütün maraqlı tərəflərin iştirakına və riskəsaslı yanaşmaya əsaslanan qida təhlükəsizliyi sisteminin yaradılması, ilk növbədə, Azərbaycan vətəndaşlarının keyfiyyətli qida məhsulları ilə təminatına xidmət edəcək. Vahid idarəetmənin tətbiqi istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, idxal olunan qida məhsullarının təhlükəsizliyinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına gətirib çıxaracaq.

Orxan Vahidoğlu, “İki sahil”