11 yanvar 2018 14:17
2951

“Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizləri harada kəsişəcək?

Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Bu baxımdan bu limanın məhz Ələt qəsəbəsində inşası təsadüfi deyil.

Belə ki, bu ərazi “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, mahiyyət etibarilə, bu ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır. TRASEKA çərçivəsində “Beynəlxalq nəqliyyat logistika mərkəzlərinin yaradılması” layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən də  liman kompleksi ərazisinin “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin kəsişməsində yerləşməsi beynəlxalq nəqliyyat logistika mərkəzi üçün əlverişli hesab edilir.

Yeni liman  ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün bilavasitə yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəql olunmasını təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limana daha geniş tranzit və daşıma imkanlarını təmin edəcək.

Qeyd etmək lazımdır ki, kompleksin təməli 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub, 2014-cü ildə isə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib.

Bu günlərdə açılışı olan Ro-Ro terminalı isə ildə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir və terminal daşımaların avtomobil-su və su-avtomobil seqmentlərində təkərli texnikanın daşınması üçün nəzərdə tutulub. Buradakı sistem suyun səviyyəsinin enib-qalxmasından asılı olmayaraq gəmilərin təhlükəsiz şəkildə körpüyə yanalmasını təmin edir. Dünyada az sayda olan bu sistem Xəzər dənizində ilk dəfə  tətbiq edilib və suyun səviyyəsinin enib-qalxmasından asılı olmayaraq gəmilərin rahatlıqla körpüyə yanalmasına imkan verməklə kompleksə texniki üstünlük qazandırır. 

Bundan başqa, layihə çərçivəsində müasir tələblərə cavab verən informasiya texnologiyaları və təhlükəsizlik infrastrukturunun yaradılmasına xüsusi diqqət göstərilir. Bu məqsədlə liman ərazisində əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sisteminin və digər informasiya texnologiyaları komponentlərinin tətbiqi, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sisteminin yaradılması nəzərdə tutulur. İnformasiya texnologiyaları komponentinin tətbiqi ilə bilavasitə liman əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi təmin ediləcək. Ro-Ro terminalında tətbiq edilən və tam avtomatlaşmış informasiya texnologiyaları modullarından biri olan Liman Əməliyyat İdarəetmə Sistemi bütün prosesləri rahat və şəffaf şəkildə həyata keçirməyə imkan verir. Sistemin əsas üstünlüklərindən biri də yük sahibinin daşınan yükə nəzarət etməsinə şərait yaratmaqla təhlükəsizliyə də zəmanət verir. Yüklərin təhlükəsiz şəkildə ünvana çatdırılması isə beynəlxalq daşımaların əsas meyarıdır və ixracatçılar bu nüansa haqlı olaraq həssas yanaşırlar. Azərbaycandakı uzun müddətdən bəri davam edən siyasi sabitlik də bir növ təhlükəsizliyə zəmanətdir. Hazırda bu sistem vasitəsilə müvafiq dövlət və özəl qurumların, eləcə də Gürcüstan, Qazaxıstan və Türkmənistan limanlarının şəbəkəyə qoşulması işləri aparılır.

Ümumilikdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə, tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə verir, Azərbaycanın tranzit potensialını gücləndirir.

Bu nəqliyyat infrastrukturu, eyni zamanda,  Azərbaycanın ixrac imkanlarını da genişləndirir. Bununla da qeyri-neft  sektorunda istehsal olunan məhsullar  dünya bazarlarına daha asan yolla çıxarılacaq. Eyni zamanda bu, nəqliyyat xərclərinə qənaət etmək imkanı da yaradacaq. Ölkə iqtisadiyyatının şaxələndirilməsinin, neftdən asılılığın azaldılmasının prioritet olduğunu nəzərə aldıqda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, o cümlədən Ro-Ro terminalı istər gəlir, istərsə də ümumi daxili məhsulda yeni mənbənin yaranması və respublikaya əhəmiyyətli miqdarda xarici valyuta axınına səbəb olmaqla yanaşı, Azərbaycanın regionda və dünyada  geosiyasi çəkisini də artırmış olur.

Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Avrasiyada regionun əsas nəqliyyat və logistika qovşağı olmaq istiqamətində irəliləyir. Limanın tikintisi işləri davam etməkdədir. Tikintinin üçüncü mərhələsi tamamlandıqdan sonra yeni Limanın illik 25 milyon ton yük qəbul etməsi planlaşdırılır.

Ceyhun Piriyev, “İki sahil”