10 yanvar 2018 22:36
914

“Made in Azerbaijan” brendi rəqib tanımır

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsində əsas məqsəd sahibkarlığa marağın gücləndirilməsi, aqrar sahənin genişləndirilməsi, emal müəssisələrinin sayının artırılmasıdır. Aparılan düzgün siyasətin nəticəsidir ki, ölkədə biznes mühiti yaxşılaşır, sahibkarlara göstərilən hüquqi, maddi dəstək artırılır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə verilən kreditlər real iqtisadiyyatın inkişafını təmin edir, iş yerlərinin yaradılmasına şərait yaradır, yerli müəssisələrin artması ilə işsizlik aradan qaldırılır.

“Azərbaycanda, deyə bilərəm ki, hazırda çox böyük sahibkarlıq sinfi yaradılmışdır. Ölkəmizin ümumi inkişafı bundan sonra daha çox sahibkarlığın inkişafından asılı olacaq” söyləyən Prezident İlham Əliyevin əsas tələbi budur ki, proseslər məqsədyönlü şəkildə aparılsın.

Bu siyasətin nəticəsidir ki, sənayenin bir çox sahələri sahibkarlıq hesabına inkişaf edir. Hazırda ölkəmizdə ümumi daxili məhsulun 80 faizdən çoxunun özəl sektorda formalaşması ixrac imkanlarını artırır. Xarici bazarlara çıxmaq üçün isə istehsalatda ən müasir texnologiyalar tətbiq edilir, keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalına diqqət artırılır. Daxili bazarda satılan məhsulların qiymətinin süni şəkildə qaldırılmasını yolverilməz hesab edən dövlət başçımızın özəl sektora göstərdiyi diqqətin nəticəsidir ki, bu sahəyə ayrılan investisiyaların həcmi artırılır. Regionlarda sənaye mərkəzləri, iqtisadi zonalar yaradılır, daha çox ehtiyac duyulan məhsulların çeşidlərinin artırılması ön planda saxlanılır. Pilot layihə kimi Neftçalada yaradılan iqtisadi zona yerli sahibkarlar tərəfindən razılıqla qarşılanır. Son illər dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin, xüsusilə neftin qiymətinin kəskin enməsinin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatların mühüm istiqamətlərindən biri də qeyri-neft məhsulları ixracının artırılması, yeni bazarlara çıxışının təmin olunmasıdır.

Milli iqtisadiyyatın möhkəmlənməsini nəzərdə tutan Strateji yol xəritələrində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılmasıdır. Bu, azı üç dəfədən çox artım deməkdir.

Son illərdə sənaye parklarının və zonalarının, aqroparkların yaradılması, inzibati prosedurların sadələşdirilməsi qeyri-neft sektorunun inkişafını sürətləndirir. Yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin açılması, daxili tələbatın ödənilməsi ilə birlikdə bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənməyə başlayıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı, digər istehsal müəssisələrinin yaradılması, son illərdə istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verir.

Sənaye parklarında və zonalarında müasir müəssisələrin fəaliyyətə başlaması, indiyədək verilmiş 130 investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşunun nəzərdə tutulması, hazırda 24 rayon üzrə 142,5 min hektar ərazidə 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması və digər işlər yaxın illərdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracaq.

Eyni zamanda, istehsalın dəstəklənməsi və ixrac potensialının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bu qərar özünütəminetmə səviyyəsi yüksək olan məhsullar üzrə yerli istehsala böyük dəstəkdir. İxracın təşviq edilməsi sahəsində imzalanan sənədlərin tətbiqi ilə Azərbaycanın həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin başlanğıcı qoyulub. İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası””, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı”” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” kimi müasir metodları əks etdirən prosedurlar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovurulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq, sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək büdcə vəsaitləri hesabına təşviq verilir. Yaradılan münbit şəraitin nəticəsidir ki, Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üzrə ixrac dinamikası artır.

“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə”, “Made in Azerbaijan”” brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları”nın tətbiqi” Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Çin Xalq Respublikasına səfər çərçivəsində beynəlxalq şərabçılıq sərgisində Azərbaycan brendli şərab məhsullarımızdan biri qızıl medala layiq görülüb və 500 min şüşə şərabın Çinə ixracına dair imzalanmış müqavilənin icrasına başlanılıb. Dubaya ixrac missiyası çərçivəsində nar şirəsi, alma və balın ixracına dair razılaşmalar əldə edilib.

Almaniyaya təşkil edilən ixrac missiyası çərçivəsində bu ölkəyə çay və narın ixracı ilə bağlı razılaşma əldə edilib, nar şirəsinin İsveçə ixracı ilə bağlı isə müqavilə imzalanıb. Pakistan və Əfqanıstana quru süd və süd məhsulları, nar şirəsi, qənnadı məhsulları, mebel, boru, metal konstruksiyaları və digər tikinti materialları ixrac olunur. Qətərə ixrac missiyası çərçivəsində isə ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilib. Həmçinin “Gulfood”” beynəlxalq ərzaq, “Prowein”” şərab sərgilərində sahibkarlarımız vahid ölkə stendləri ilə iştirak edib, çeşidli məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar bağlayıb və sifarişlər qəbul olunub. Belarusda, Ukraynada Azərbaycan Ticarət Evinin yaradılması ilk addım olsa bu prosesin davamlı olması, xarici bazarlarda Azərbaycan məhsullarına marağın artması aparılan siyasətin uğurlu nəticələrindəndir.

Tərəvəz ixracı 45 faiz, meyvə ixracı 20 faiz, pambıq ixracı 3,6 dəfə, süd məhsulları ixracı 3,6 dəfə, spirtli və spirtsiz içki ixracı 2,3 dəfə, emal olunmuş meyvə-tərəvəz məhsulları ixracı isə 39 faiz artıb. Sənaye sahəsində isə kimya sənayesi məhsulları 85 faiz, toxuculuq məmulatları 65 faiz, alüminium və ondan məmulatlar 43 faiz, plastiklər 33 faiz, avadanlıqlar, mexaniki qurğular və hissələri 2,1 dəfə çoxalıb. Qeyri-neft ixracının 45 faizi MDB dövlətləri və Gürcüstanın, 26 faizi Türkiyənin, 12 faizi Avropa İttifaqı ölkələrinin, 4 faizi Çinin, 13 faizi isə digər ölkələrin payına düşüb.

Körfəz ölkələrində də Azərbaycanın məhsullarına böyük maraq var. Sahibkarlar mühüm əhəmiyyətli beynəlxalq sərgilərdə iştirak edirlər. Azərbaycan məhsullarının tanınması üçün reklam bazarında da fəaliyyətimiz genişləndirilir, müqavilələr imzalanır. Bu sahədə yeni təcrübə olan “Azexport”” portalının yaradılması səmərəsini göstərir. Portalda yerləşdirilən məlumatlar hesabına xarici bazarlarda Azərbaycan məhsullarına marağın istiqamətləri öyrənilir, kontraktlar imzalanır.

“Made in Azerbaijan”” brendinin dünyada tanınmasında da portalın əhəmiyyəti böyükdür. Xarici bazarlar uğrunda mübarizədə də bu kimi müasir təbliğat metodlarından istifadə olunur. Azərbaycan məhsullarının beynəlxalq səviyyədə tanınması üçün xaricdə yaşayan azərbaycanlıların gücündən də istifadə olunur. Xaricdə yaşayan, bizneslə məşğul olan azərbaycanlıların imkanlarından səmərəli istifadə etməklə ölkəmizin ixrac potensialını daha çox artırmaq mümkündür Hazırda Azərbaycanda mindən çox adda, o cümlədən ən son texnologiyalara əsaslanan hərbi təyinatlı məhsullar istehsal olunur. Bəzi hərbi ləvazimatlara xarici bazarlarda maraq artır. Ona görə ölkədə biznes mühitinin şəffaflaşdırılması, emal müəssisələrinin artması, ixrac potensialının genişlənməsi diqqətdə saxlanılır.

Xuraman İsmayılqızı, “İki sahil”