18 may 2024 14:41
304

AMB: Azərbaycanda BOKT sektoru üzrə mənfəət tarixi rekord həddə çatıb

Ötən il Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) sektoru üzrə mənfəəti tarixi rekord həddə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Ötən il BOKT-lar yüksək mənfəətlilik əldə edib ki, bu da əvvəlki ilin mənfəətindən təqribən 3 dəfə çoxdur.

Sektorun mənfəətliliyinin artmasında kredit portfelinin böyüməsi ilə artan faiz gəlirlərindən əlavə kredit təşkilatlarının əməliyyat səmərəliyinin də artması əsas amillərdən olub. Sektorun ROA (aktivlərin gəlirliliyi) və ROE (kapitalın gəlirliliyi) göstəriciləri də əvvəlki illə müqayisədə 2 dəfə artaraq müvafiq olaraq 10 % və 24 % təşkil edib.

Qeyd olunub ki, artan mənfəətlilik fonunda sektorun kapital mövqeyində müsbət tendensiya davam edib. İl ərzində BOKT-lərin kapitalı 50 % artaraq 315 milyon manat təşkil edib. Kapitalın artımı həm kapital inyeksiyası, həm də BOKT sektorunun mənfəət generasiyası hesabına olub. Belə ki, il ərzində bölüşdürülməmiş mənfəət təqribən 3 dəfə artaraq 103 milyon manat, nizamnamə kapitalı isə 23 % artaraq 205 milyon manat təşkil edib.