18 may 2024 15:56
354

CISM-in 79-cu Baş Assambleyası və Konqresi keçirilib

Tanzaniyanın Dar əs-Salam şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) 79-cu Baş Assambleyası və Konqresi keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirdə ölkəmizi Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant Ramiq Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

CISM-in prezidenti polkovnik Nilton Rolimin sədrliyi və dünyanın 82 ölkəsindən nümayəndələrin iştirakı ilə keçirilən sessiyada təşkilatın missiyası, məqsədləri, qlobal miqyasda hərbi idmanın inkişafına yönəlmiş əsas məsələlər müzakirə olunub. Bundan başqa, təşkilatın ötən illərdəki fəaliyyəti və nailiyyətləri haqqında ətraflı hesabatlar təqdim edilib.

Sessiya çərçivəsində, həmçinin CISM İdman Siyasətinin formalaşdırılması, o cümlədən 2024, 2025 və 2026-cı illər üçün idman təqvimlərinin təsdiqi və hərtərəfli 5 illik planı hazırlanıb, hərbi idmanın inkişaf etdirilməsi üçün birgə fəaliyyət haqqında təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən CISM-in fəal üzvüdür. Azərbaycan Ordusunun hərbi qulluqçuları bu təşkilat tərəfindən keçirilən Dünya və Avropa çempionatlarında uğurla çıxış edərək 78 qızıl, 66 gümüş və 103 bürünc medal qazanıblar.