18 may 2024 23:23
414

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda konfrans başa çatıb

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “SABAH" qrupunun 10 illik yubileyinə həsr olunmuş festival çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “İslam dünyasının mədəni irsinin qorunması” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda “SABAH" qrupunun tələbələri, Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkiyə və İrandan bakalavr və magistrlər iştirak ediblər. Tədbir qarışıq formatda - üz-üzə və distant formatda keçirilib, iştirakçıların seçimi ilə bağlı Azərbaycan, rus, ingilis və türk dillərində məruzələr təqdim olunub. Konfransın proqramına musiqi sənəti, mədəniyyətşünaslıq və pedaqogika sahəsinin əsas tematik istiqamətlərinə toxunan 47 məruzə daxil edilib.

Konfrans Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə və Əməkdar müəllim, dosent Xatirə Həsənzadənin moderatorluğu ilə “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyəti tarixində rolu və əhəmiyyəti”, “Şuşa İslam dünyasının mədəniyyət paytaxtıdır”, “İslam dünyasının mədəni irsinin qorunması: problemlər və perspektivlər”, “İslam dünyasında elm, təhsil və mədəniyyət”, “Müasir dövrdə etnomusiqişünaslıq”, “Tarixi və nəzəri musiqişünaslığın aktual problemləri”, “Müasir musiqi təhsili: problemlər və perspektivlər”, “Müasir instrumental ifaçılıq problemləri” və “Musiqidə informasiya texnologiyaları” bölmələri üzrə keçirilib.

Belə irimiqyaslı tədbirin təşkilində tədris işləri üzrə prorektor, Azərbaycanın Əməkdar müəllimi, professor Nərminə Quliyeva, Tarix-nəzəri fakültənin dekanı, Azərbaycanın Əməkdar müəllimi, professor Gülzar Mahmudova, Azərbaycanın Əməkdar müəllimi, Musiqi nəzəriyyəsi kafedrasının müdiri, professor Könül Nəsirova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnna Pazıçeva, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Elm-Tələbə Cəmiyyətinin sədri Minaxanım Babayeva böyük rol oynayıblar.

Konfrans Azərbaycanın Dövlət Himni ilə açılıb. Beynəlxalq elmi-praktik konfransın iştirakçılarına Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında maraqlı videoçarx təqdim olunub.

SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatları laureatı, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli konfransın iştirakçılarını təbrik edib və görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı mühüm rolunu qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Dövlət Elm və Ali Təhsil Agentliyinin "SABAH" qrupunun İcraiyyə Komitəsinin rəhbəri Elza Səmədova beynəlxalq konfransın böyük əhəmiyyət daşıdığını vurğulayıb və tələbələrə uğurlar arzulayıb.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “SABAH” qrupunda təhsil alan tələbələr, həmçinin Azərbaycan Milli Konservatoriyasının, Gəncə Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Qazax Milli Konservatoriyasının, Kazan Dövlət Konservatoriyasının, Özbəkistan Dövlət Konservatoriyasının, M.Tursunzadə adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun bakalavr və magistr tələbələri maraqlı və aktual mövzular təqdim ediblər.