20 may 2024 17:30
573

Əsərlərin satışından əldə olunacaq vəsait Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək

Qarabağ Dirçəliş Fondu tərəfindən Qarabağın dirçəlişinə ianələrin cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Bu kontekstdə ianə mədəniyyətinin təşviqi və iştirakçılığın artırılması istiqamətində mədəni - kütləvi tədbirlərin və layihələrin təşkili xüsusi önəm daşıyır. “Qarabağın Rəngləri” layihəsi də məhz bu qəbildən olan layihələrdəndir

“İki sahil” xəbər verir ki, bunu layihənin təqdimat mərasimində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Qarabağ rəngləri" layihəsinin əsas məqsədi Qarabağın zəngin mədəniyyətinin, Azərbaycan xalqının bu torpaqlardakı irsinin təbliği və xeyriyyəçilik ənənəsinin təşviqidir. Əsərlərin satışından əldə olunacaq vəsait Ağdam rayonunun ərazisində yerləşən və hazırda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bərpa olunan Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.  Gənc rəssamlar layihə çərçivəsində 19 rəsm əsəri və 4 heykəl olmaqla 23 incəsənət nümunəsi yaradıb. Bu əsərlər layihənin xüsusi internet səhifəsində satışa çıxarılıb. Onları əldə etmək üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayət idi. Artıq 22 əsər satılıb və buna görə Fonda artıq 85 min manata yaxın ianə daxil olub. Bu layihə cəmiyyətdə Qarabağ mövzusunun aktuallaşdırılması üçün çox yaxşı üsul idi. Ona görə də layihəni dəstəkləyən hər kəsə, əsərləri əldə edən donorlara təşəkkürümü bildirirəm.