09 yanvar 2018 23:13
1267

TANAP tarixə “Əsrin layihəsi” kimi düşəcək

TANAP layihəsinin nəinki Azərbaycan, eyni zamanda, bütün region üçün strateji layihələrdən biri hesab olunduğunu qeyd edən Milli Məclisin deputatı Aydın Hüseynov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu layihənin icrası ölkəmizin gəlirlərinin artmasına səbəb olacaq: “TANAP layihəsinin ərsəyə gəlməsinin təşəbbüskarı dövlətimizin başçısı cənab İlham Əliyevdir. Bu layihə həm Azərbaycan, həm də region üçün əhəmiyyətli layihələrdən biri hesab olunur. Təbii ki, bu cür layihələr təkcə region dövlətləri ilə məhdudlaşmır, eyni zamanda Avropa ölkələri bu layihələrdən faydalanan və qazanan ölkələr sırasındadır. Bu layihə vasitəsilə 2026-cı ildən Azərbaycan qazı ildə 31 milyard kubmetr olmaqla Avropaya çatdırılacaq. İlk vaxtlar bu layihə vasitəsilə ildə 16, daha sonra isə 24 və 31 milyard kubmetr qazın nəqli nəzərdə tutulub. TANAP Azərbaycan üçün ən böyük təbii qaz layihəsi kimi tarixə düşəcək”.

A.Hüseynov onu da nəzərə çatdırdı ki, TANAP Azərbaycanın dünya enerji bazarında mövqeyini möhkəmləndirməklə enerji layihələrinə maraq göstərənlərin də sayını artıracaq. Bu baxımdan TANAP  kifayət qədər əhəmiyyətli layihə kimi ilk vaxtlardan diqqəti cəlb edir. Sözügedən layihənin reallaşdırılması ilə ölkəyə investisiya axını sürətləndiriləcək, respublikamızın maliyyə durumu yüksələcək: “Bu layihə, eyni zamanda, ölkəmizin siyasi nüfuzunu möhkəmləndirəcək, qazın nəqlinin Avropaya inteqrasiyasını daha da intensivləşdirəcək, qitə dövlətlərinin enerji təminatında önəmi ilə fərqlənəcək. Digər baxımdan isə TANAP iqtisadi bir layihə olduğu üçün ölkə iqtisadiyyatında mühüm rol oynayacaq. Layihənin Azərbaycana gətirəcəyi böyük iqtisadi dividendlər ölkəmizin, layihənin tərəfdaş ölkələrinin iqtisadiyyatının güclənməsinə böyük təsirləri olacaq. Digər ölkələrin TANAP və TAP layihələrindən istifadə etmələri bir daha Azərbaycanın regionda öz nüfuzunu daha da yüksək tutan bir güc mərkəzinə çevirəcək”.

Enerji layihələrinin bir çox ölkələri əhatə edəcəyini vurğulayan deputat, həmçinin onu da qeyd etdi ki, qardaş ölkə olan Türkiyə üçün də bu layihə olduqca vacibdir: “Hazırda Avropa ölkələri enerji resurslarının təhlükəsiz daşınmasına xüsusi əhəmiyyət verirlər. Həmçinin Türkiyə başda olmaqla, Avropanın bir çox ölkələrində təbii qaza olan ehtiyac daha da artıb. Buna görə də Avropa dövlətləri təbii qazın əldə olunması üçün alternativ, ən səmərəli mənbə kimi, qaz ixrac edən Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. TANAP-ı bu baxımdan uğurlu layihə hesab etmək olar. Eyni zamanda, TANAP-ın istifadəyə verilməsi ilə Azərbaycan, Türkiyə, Gürcüstan əməkdaşlığının yeni bir dövrü başlayacaq. Bu layihənin Xəzər dənizindən hasil olunan enerji resurslarının Avropa bazarlarına çıxarılmasında Azərbaycanın rolunu artırmaqla ölkəmizi önəmli dövlətə çevirəcək”.

Mənsumə Babayeva, “İki sahil”