21 may 2024 12:45
893

Dünyada turizmin cazibə mərkəzi: TÜRKİYƏ DÜNYADA BEŞİNCİDİR

Türkiyə yerli və xarici turistlərin otel, mehmanxana və qonaq evlərində gecələmə sayına görə 203 milyon gecələmə ilə dünyada beşinci yerdə qərarlaşıb. Ən çox turist gecələyən şəhərlər isə Antalya, İstanbul və Muğla olub.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ölkə yerli və əcnəbilərin yerləşdirmə obyektlərində gecələmə sayına görə Antalya birinci, İstanbul ikinci, Muğla üçüncü yerdədir. Aralıq dənizi Turistik Otelcilər və Operatorlar Dərnəyi (AKTOB) 2023-cü ildə Türkiyə turizmində yerli və xarici turistlərin gecələmə sayı ilə bağlı hesabat hazırlayıb. Hesabata görə, 2023-cü ildə otel və qonaq evlərində gecələmələrin sayı 203 milyon 187 min 958 nəfər olub ki, bunun da 130 milyon 592 mini xarici, 72 milyon 595 mini isə yerli vətəndaşlardır. Türkiyə bu statistikaya görə İspaniya, Fransa, Almaniya və İtaliyadan sonra beşinci yerdədir.

Türkiyədə birinci, dünyada ikinci

81 milyon 577 mini əcnəbi, 12 milyon 453 mini yerli olmaqla cəmi 94 milyon 30 min gecələmə ilə Antalya Türkiyənin bütün əyalətlərini geridə qoyub. Antalya gecələmə sayı ilə dünyanın bir çox ölkəsini geridə qoyub. Kanar adalarından sonra dünyada ən çox turist gecələmə sayı Antalyada olub. İstanbul 22,3 milyonu xarici, 7,3 milyonu yerli olmaqla 29 milyon 748 min gecələmə ilə Türkiyədə ikinci yerdədir. Üçüncü isə Muğlada cəmi 16 milyon 217 min gecələmə qeydə alınıb.

Kim hansı bölgəyə üstünlük verib?

Xarici turistlərin Türkiyədə ən çox gecələdiyi bölgələr də açıqlanıb. Almanlar Antalyanın Kemer, Alanya, Serik (Belek), Manavqat (Side), Aksu (Kundu) və Muratpaşa (Lara), Muğlanın Bodrum və Ortaca, İzmirin Menderes və Aydın Kuşadasına üstünlük veriblər.

Ruslar Antalyanın Kemer, Alanya, Serik (Belek), Manavgat (Side), Aksu (Kundu) və Muratpaşa (Lara), İstanbulda Fatih və Beyoğlu, Muğlada Bodrum və Marmarisi seçiblər.

İngilis turistlərin üstünlükləri Antalya və Muğla olmaqla ilk 10 bölgə aşağıdakı kimi sıralanır: Alanya, Marmaris, Manavgat, Aksu, Serik, Bodrum, Fethiye, Ortaca, Muratpaşa və Kemer.

Polşalı turistlər Alanya, Manavgat, Kemer, Bodrum, Serik, Kuşadası, Didim, Marmaris, Aksu və Səlcuq rayonlarına üstünlük veriblər.

Ən çox turist gələn beşinci ölkə olan İran vətəndaşlarının üstünlük verdiyi yer isə Beyoğlu, İpekyolu, Şişli, Aksu, Serik, Fatih, Kemer, Muratpaşa, Kuşadası, Alanya olub.

Orxan Vahidoğlu, "İki sahil"