09 yanvar 2018 23:03
659

Avropanın səbrsizliklə gözlədiyi daha bir qlobal layihə

TANAP və TAP-ın reallaşması ölkəmizin iqtisadi müstəqilliyini daha da gücləndirəcək

Azərbaycan dövləti iqtisadi müstəqilliyini daha da gücləndirmək üçün müəlliflik etdiyi qlobal layihələrin sayını və həcmini ildən-ilə genişləndirir. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra, Bakı-Tbilisi-Ərzurum qaz xəttinin, eyni zamanda, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu kimi beynəlxalq layihələrin tam istifadəyə verilməsi ölkəmizin nəinki regionda, hətta dünyada bölgədə əsl söz sahiblərindən biri olduğunu bir daha təsdiq edir.

Yaxın zamanlarda daha böyük və iri həcmli iki transmilli iqtisadi layihənin reallaşması gözlənilir. Bu layihələdən biri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsdir ki, onun tikintisinə artıq başa çatmaq üzrədir. Belə ki, layihənin  “Faza 0” adlanan mərhələsində işlərin 96 faizi başa çatıb. Yəni bu deməkdir ki, TANAP-ın Bakıdan Türkiyənin Əskişəhər bölgəsinə qədər olan hissəsi tamamlanıb.

Layihə rəhbərliyinin mətbuata açıqlamasında bildirilir ki, 2018-ci ilin yanvar ayında “Faza 0”ın test işlərinə start veriləcək. Əskişəhərdən Yunanıstan sərhədlərinə qədər olan “Faza-1” mərhələsində isə işlər planlaşdırılan təqvimlə davam etdiriləcək. Bu ilin iyun ayında isə TANAP Azərbaycan təbii qazını BOTAŞ-ın Əskişəhərdəki mərkəzlərinə nəql edəcək.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi regionun ən aktual səmərəli layihələrindən biridir. “Şahdəniz-2” layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına, daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin də davamlı enerji təhlükəsizliyinə xidmət edəcək.

TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP “Cənub Qaz Dəhlizi”nin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 kilometr təşkil edir. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr hesablanıb. Sonrakı illərdə onun nəqletmə gücünü illik 31 milyard kubmetrədək artırmaq mümkündür.

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAP layihəsi nəinki “Şahdəniz” yatağından, eyni zamanda, Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə malikdir.

2016-cı ilin qiymətləri ilə bu layihələrin ümumi kapital xərcləri 9,2 milyard dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəfinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 mlrd. dollardır. Layihənin səhmdarları SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.

TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlər üçün əsas rola malikdir. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 kilometr təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir. Bu kəmərin isə ilkin illik daşıma qabiliyyəti 10 milyard kubmetrdir. Kəmər istifadəyə verildikdən bir neçə il sonra onun illik ötürmə gücünü 20 milyard kubmetrə çatdırmaq planlaşdırılır.

Bəzi iqtisadçı ekspertlər hesab edirlər ki, bu layihələrin reallaşması Avropanı sözün həqiqi mənasında Azərbaycandan iqtisadi asılılığa meyilləndirir. Çünki Avropanın ən çox qaz idxal etdiyi Rusiya ilə siyasi və iqtisadi ədaqələri bu gün bərbad vəziyyətdədir. Rusiyanın Ukraynanın Krım vilayətini ilhaq etməsindən sonra Avropanın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar hələ uzun müddət davam edəcək.

Məhz bu sanksiyalara görə, Rusiya qazı bu gün bazar sarıdan qıtlıq çəkir. Eyni zamanda, Rusiya da Avropanı qazla təhdid etməkdədir. Belə bir situasiyada təbii ki, Avropa üçün ən səmərəli variant Azərbaycan qazını idxal etməkdir.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli ölkəmizə 10 milyardlarla dollar vəsaitin daxil olmasına səbəb olacaq. Bu isə ümumlikdə ölkəmizin, fərdilikdə isə hər bir Azərbaycan vətəndaşının sosial rifahının daha da yüksəlməsi deməkdir.

Elçin Zaman, “İki sahil”