"İki sahil" Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəzaya düşən “Bell 212” helikopteri dünyada silahlı qüvvələr və müəssisələr tərəfindən istifadə olunan "Huey" hərbi helikopterinin geniş istifadə olunan mülki versiyası kimi tanınır.
Bu model 1960-cı illərdə Kanada ordusu üçün Amerika şirkəti tərəfindən hazırlanıb. ABŞ hərbi təlim sənədlərinə görə ilk dəfə 1971-ci ildə təqdim edilib, lakin digər mənbələr onun ilk uçuşunu 1960-cı illərin sonlarında etdiyini bildirir.
ABŞ və Kanada tərəfindən geniş istifadə edilən helikopter sərnişin və yük daşımaqla yanaşı, həmçinin havadan yanğınsöndürmə üçün də istifadə imkanına malikdir.
İran dövlət mediası və “The Washington Post”un yayımladığı fotoşəkillərə görə, dağlıq və dumanlı havada qəzaya uğrayan helikopter ABŞ istehsalı olan “Bell 212” olub. İran rəsmiləri Prezident İbrahim Rəisi və daha səkkiz nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbləri haqqında hələlik geniş məlumat vermirlər. Əsas versiya “texniki nasazlıq”dır.
“Bell 212” helikopterinin əsas göstəriciləri
“Bell 212” 15 oturacaq tutumu olan iki qanadlı, iki mühərrikli orta ölçülü helikopterdir. Hollandiyanın “Scramble” aviasiya saytının məlumatına görə, Tehran və Vaşinqton arasında soyuq münasibətlərə baxmayaraq, İranın Hərbi Hava Qüvvələri Rəisinin də qəzaya uğradığı helikopter də daxil olmaqla, VIP donanması üçün ABŞ tərəfindən hazırlanmış bu model helikopterlərdən beşinə sahibdir. Məlumatlarda qeyd edilir ki, həmin helikopterlər ABŞ-ın İrana tətbiq etdiyi tam həcmli sanskiyalardan əvvəl satılıb. Ona görə də ötən müddət ərzində amerikalılar tərəfindən helikopterlərdə heç bir yenilənmə aparılmayıb.
Bəziləri tərəfindən bu helikopterlərin istehsalının köhnə olduğu düşünülsə də, aviasiya şirkəti olan “Cirium”un məlumatlarında İranda qeydiyyata olan 15 “Bell 212” helikopterinin orta yaşının 35 olduğu göstərilir. ABŞ tərəfindən texniki dəstək göstərilmədiyindən İran öz daxili imkanları hesabına bu işi həyata keçirib.
Şirkətdən açıqlama: Məlumatımız yoxdur
1960-cı illərdə istehsala başlayan, hazırda “Bell Textron” adı ilə tanınan “Bell Helicopter” qəzaya uğrayan helikopter haqqında çox az məlumata malik olduğunu bildirib. Şirkət rəsmiləri bazar ertəsi Amerika mətbuatına açıqlamalarında qeyd ediblər ki, “Bell” İranda heç bir iş aparmır: “Şirkətimiz İranın helikopter parkını dəstəkləmir və qəzaya uğrayan helikopterin aktiv statusu ilə bağlı heç bir məlumatımız yoxdur.”
Ehtiyat hissələr qaçaqmalçılıq yolu ilə gətirilib
Qeyd etdiyimiz kimi, İran 1979-cu ildən ABŞ-ın sanksiyaları ilə üzləşib. Sanksiyalar illər ötdükcə daha da genişlənmiş və dərinləşmiş, Avropa və BMT sanksiyaları ilə tamamlanaraq, İranın aviasiya sektoruna və digər sənaye sahələrinə mənfi təsir göstərmişdir.
İran şah dövründə “Bell” helikopterlərinin əsas alıcılarından biri olub. Qərb ekspertlərinin fikrincə, 1979-cu il İslam İnqilabından sonra təcrid vəziyyətinə düşmüş İran öz mülki və hərbi aviasiya donanmasını qaçaqmalçılıq yolu ilə gətirilən ehtiyat hissələri və öz mühəndislik üsulları ilə qoruyub saxlayıb.
Dağlıq ərazi və pis hava şəraiti
Amerikalı qəza eksperti Con Koks heab edir ki, ehtiyyat hissələri üçün üçüncü tərəf mənbəyi olmadan və ya ehtiyat hissələri üçün işlənmiş hissələrin quraşdırılması kimi üsullara əl ataraq “Bell” helikopterini İranda təmir olunması çox çətindir.
Cenevrə İnstitutunun baş elmi işçisi Ferzan Sabet əlavə edib ki, Vaşinqtonun sanksiyaları təkcə ABŞ istehsalı olan və İrana satıla bilən təyyarələri deyil, həm də müasir ABŞ komponentlərindən istifadə edən təyyarələrə də şamil olunur. Bu sanksiyalar İranın mülki aviasiya sektoru və donanması ilə bağlı beynəlxalq əməliyyatları xeyli çətinləşdirir.
Qəza yeri helikopterin itməsi xəbəri eşidildikdən təxminən 12 saat sonra müəyyən edilib. Uzi kəndi yaxınlığında meşələrə düşən vertolyotda olan 9 nəfər arasında sağ qalan olmayıb. Təbrizə doğru uçan və dağ silsiləsi üzərindən keçən helikopterin niyə qəzaya uğradığı hələ bəlli deyil. Amerikalı qəza eksperti Con Koks ehtimal edir ki, müstəntiqlər araşdırma zamanı pis hava şəraiti və zəif görmə şəraitinə də xüsusi diqqət yetirəcəklər.
Keçmiş federal qəza müstəntiqi Jeff Guzzetti qeyd edib ki, dağlıq ərazi və pis hava şəraiti helikopterin uçması üçün yaxşı “birləşmə deyil." O, həmçinin Bell “212”ni “güclü" adlandırıb.
51 ildə 430 qəza
Uçuş Təhlükəsizliyi Fondunda saxlanılan məlumat bazasında 1972-ci ildən bəri təxminən 430 “Bell 212” qəzası qeyd edilib. Bunlardan 162-si (40 faizdən bir qədər az) ölümlə nəticələnib, o cümlədən İran Prezidentinin helikopter qəzası. “Cirium”un məlumatına görə, dünyada 144 müxtəlif aviasiya şirkəti tərəfindən xidmətdə olan 443 “Bell 212” helikopteri var və onların orta yaşı 42-dir.
Yer Birləşmiş Ərəb Əmirlikləri, tarix 2023-cü ilin sentyabrı
Uçuş Təhlükəsizliyi Fondunun məlumatına görə, bunan əvvəl “Bell 212” ilə bağlı sonuncu ölüm hadisəsi sentyabr ayında təlim uçuşu həyata keçirən helikopterin Birləşmiş Ərəb Əmirlikləri sahillərində qəzaya uğraması nəticəsində baş vermi.di. 2018-ci ildə İranda eyni tipli helikopter qəzaya uğrayıb və 4 nəfər həlak olub.
Orxan Vahidoğlu, "İki sahil"