09 yanvar 2018 14:26
726

Dünya iqtisadiyyatında layiqli tərəfdaş

Uğurla həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasına daxil olub. Birinci növbədə iqtisadi təhlükəsizliyini təmin edən ölkəmiz artıq regionda və dünyada özünəməxsus mövqeyini müəyyənləşdirib. Reallaşdırılan davamlı islahatlar nəticəsində hazırda Azərbaycan dünya dövlətləri arasında layiqli tərəfdaş kimi tanınır.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə ehtiva edən Dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə cənab Prezident İlham Əliyev 2016-cı il martın 16-da "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri haqqında" Sərəncam imzalamışdı. Həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılmışdı. Elə 2016-cı il dekabrın 6-da isə dövlət başçısının Fərmanı ilə strateji yol xəritələri təsdiq edildi.

Neft və qaz sənayesinin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, ağır sənaye və maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin, uyğun qiymətə mənzil təminatının, peşə təhsili və təliminin, maliyyə, kommunal və digər xidmətlərin inkişafına dair hazırlanan strateji yol xəritələri ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi üçün geniş perspektivlər açdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan strateji yol xəritələri dövlətimizin indiyədək yürütdüyü uğurlu sosial siyəsətin davam etdirildiyini bir daha təsdiqlədi.

Hesabat dövründə strateji yol xəritələrində müəyyənləşdirilən tədbirlərin bir hissəsi uğurla həyata keçirilib. Belə ki, bu sənəd əsasında icra olunmuş layihələrin 32 faiz, icrası başlanmış layihələrin isə 59 faiz təşkil etməsi ondan xəbər verir ki, Azərbaycan yaxın müddət ərzində daha sürətli inkişafa nail olacaq.

Cari ildə özəlləşdirməyə açıq elan olunmuş bir çox müəssisə və obyektlərdə müvafiq inventarizasiya işləri aparılıb. Ümumilikdə 304 müəssisə və obyektdən 254-nün, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansında olan mədəniyyət evləri və klublarından 339-nun texniki pasport və baş planları hazırlanıb. Strateji yol xəritələrində müəyyən edilmiş prioritet sektorlar da daxil olmaqla, özəlləşdirilən dövlət əmlaklarının müstəqil qiymətləndiricilər cəlb olunmaqla sırf bazar prinsipləri əsasında qiymətləndirilməsi və açıq hərraclar (o cümlədən elektron hərraclar) vasitəsilə satışa yönəldilməsi təmin edilib. Yeni formatda artıq 40-dan artıq hərrac keçirilib. Həmin hərraclarda 1400-ə yaxın dövlət əmlakı satışa çıxarılıb.

Ötən müddətdə cənab Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq qeyri-neft sənayesində idxalı əvəzləyən, ixracyönümlü məhsullar istehsal edən müəssisələrin təşkilinə, sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilib. Bu sahədə sənaye parkları və məhəllələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, rüsumların əhəmiyyətli şəkildə azaldılması, vergi və gömrük güzəştləri, qeyri-neft ixracının təşviqi tədbirləri və s. sahibkarlığın inkişafı üçün yeni imkanlar açıb. Bu cür dəstək mexanizmləri artıq Sumqayıt Kimya Sənaye, Balaxanı və Qaradağ Sənaye parklarının fəaliyyətinə böyük töhfələr verib.

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanda investisiyaların təşviqi mühüm vəzifə kimi qarşıya qoyulub. Hazırda bu,  Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biridir. İndiyədək 18 sahibkara investisiya təşviqi sənədi verilib. Bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 194 milyon manatdan çox investisiya yatırılacaq və 1700-ə yaxın yeni iş yeri açılacaq. Artıq investisiya təşviqi sənədi alan sahibkarlıq subyektlərinin sayı 30-a çatıb. İnvestisiya təşviqi sənədi verilən layihələr 7 iqtisadi rayonu əhatə edir. Ümumiyyətlə, investisiya təşviqi sənədi verilmiş layihələr çərçivəsində 300 milyon manata yaxın investisiya qoyuluşu və 2700-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Cavid Əkbərov, “İki sahil"