Ölkə ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan tütün və alkoqollu içkilərə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb. Bu məqsədlə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarı 2018-ci ilin yanvarın 23-dən qüvvəyə minir. Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılacaq. Xüsusilə səməni pivəsinin 1 litri üçün aksiz dərəcəsi 1,7 manat (hazırda 1 manat), təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosunun 1 litri üçün 3,5 manat (hazırda 2 manat), şampan şərabının 1 litri üçün 5 manat (hazırda 2,5 manat), viskinin 1 litri üçün 10 manat (hazırda 6 manat) təşkil edəcək. Arağın 1 litri üçün aksiz dərəcəsi 10 manat (hazırda 6 manat), likörün 1 litri üçün aksiz dərəcəsi 10 manat (hazırda 6 manat) məbləğində müəyyən edilib.
Mütəxəssis və iqtisadçı ekspertlərin rəyinə görə, bu qərar idxal olunan məhsulların qiymətlərinin artmasına səbəb olacaq. Əhalinin ucuz və keyfiyyətli yerli məhsullara meyil etməsi isə hökumətin qeyri-neft sektorunun inkişafına yönəltdiyi proqramların mahiyyətinə uyğundur.
Azər Badamov: Aksiz dərəcələrinin qaldırılması daxili bazarın qorunması məqsədini daşıdığından doğru və vaxtında atılmış addımdır
Milli Məclisin deputatı Azər Badamov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarı ölkədə istehsal proseslərinin stimullaşdırılması məqsədini daşıyır: “Artıq ölkəmizdə beynəlxalq standartlara cavab verən istehsal sahələri formalaşıb. Ölkəmizdə yüksək keyfiyyətli mallar istehsal olunur. Ölkədaxili istehsala idxal mane olmamalıdır. İdxal olunan mallar ölkədə istehsal olunan malları daxili bazardan sıxışdırmamalıdır. Hətta ölkəmizdə sahibkarlıq subyektlərində yoxlamalar 2021-ci ilə qədər qanunvericiliklə dayandırılıb. İstehsalın və ixracın təşviqi proqramlarını tətbiq edirik. Məqsədimiz ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsidir.”
A.Badamov vurğuladı ki, sahibkarlığın inkişafı işsizliyin aradan qalxması deməkdir: “Eyni zamanda, istehsal olunan mallar daxili tələbatı ödəməklə xaricə ixrac olunmalı, ölkəyə valyuta gətirməlidir. Bu da ölkə iqtisadiyyatının dinamik inkişafına xidmət edir. Hətta ixracı stimullaşdırılması məqsədi ilə 2017-ci ildə dövlət büdcəsindən ixrac olunan mallara görə sahibkarlara 2,5 milyon dollar subsidiya da ödənilib. Belə bir zamanda ölkədə istehsal olunan bəzi malların idxalına vergi aksizlərin artırılması düzgün addımdır. Düzdür, bu müəyyən mallarda qiymət artımına gətirib çıxara bilər. Lakin keyfiyyətcə xarici mallardan heç də geri qalmayan yerli istehsal malların qiymətləri aşağı qalacaq və artıq xarici mallar yerli istehsal olunan malları bazarda sıxışdırmayacaq. Xarici mallar da paralel olaraq bazarda qalacaq. Alıcı öz seçimini edəcək. Hətta elə ölkələr vardır ki, daxili istehsalının stimullaşdırılması məqsədi ilə bəzi malların idxalına qadağa qoyulub. Nazirlər Kabinetinin idxal olunan bəzi malların aksiz dərəcələrinin qaldırılması ilə bağlı qəbul olunmuş qərarı daxili bazarın qorunması məqsədini daşıdığından bunu doğru və vaxtında atılmış addım hesab edirəm.”
Rüfət Quliyev: Aksiz rüsumlarının dəyişdirilməsi yerli istehsalı artırmaqla ixrac potensialına da birbaşa təsir edəcək
Milli Məclisin deputatı, iqtisad elmləri doktoru Rüfət Quliyev də qəzetimizə açıqlamasında qeyd etdi ki, aksiz dərəcələrinin artırılması fonunda ölkəyə idxal edilən spirtli içkilərin və eləcə də tütün məmulatlarının qiymətlərində artım olacaq: “Azərbaycan bu məhsulların əhəmiyyətli hissəsini idxal edir. Ancaq hökumətin bu qərarı yerli istehsal olan alkoqollu içki və tütün məhsullarımızın istehsalının artmasına birbaşa təsir edəcək. Ümumiyyətlə isə, son dövrlərdə qeyd olunan sahədə yerli istehsalın dövriyyəsində genişlənmə müşahidə edilir. Aksiz markalarının artırılması ölkəyə idxal edilən spirtli içkilərin və tütün məmulatlarının vergi rüsumlarını artıracaq ki, son nəticədə həmin məhsullarda qiymət artımı qaçılmazdır. Bu isə öz növbəsində yerli tütün və alkoqollu içkilərə tələbatın artmasına gətirib çıxaracaq.”
R.Quliyev onu da bildirdi ki, aksiz rüsumlarının dəyişdirilməsi yerli istehsalı artırmaqla ixrac potensialına da birbaşa təsir edəcək: “Misal göstərmək olar ki, Türkiyədə və Avropa ölkələrində idxal olunan tütün məmulatlarının və spirtli içkilərin aksiz vergisi olduqca yüksəkdir. Dünya iqtisadiyyatında aksiz dərəcələrini artırmaq yerli istehsalı gücləndirmək, daxili imkanları genişləndirmək məqsədi daşıyır. Tələbatın daxili imkanlar hesabına ödənilməsi ölkənin iqtisadi siyasətində hər zaman prioritet olub. Dünya təcrübəsindən də aydın görünür ki, yerli məhsullara tələbat çoxalsın deyə, idxal məhsullarına aksiz dərəcələri artırılır. Hesab edirəm ki, Nazirlər Kabinetinin bu qərarı tamamilə düzgün addımdır.”
Orxan Vahidoğlu, “İki sahil”