Azərbaycanın qeyri-neft sektorunun əsas ixrac məhsullarından olan fındıqçılığın inkişaf etdirilməsi üçün əlverişli torpaq-iqlim şəraitinə malik Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Oğuz, Şəki, Şabran, Quba, İsmayıllı və Yevlax rayonlarında mərhələli şəkildə 40 min hektar sahədə yeni bağların salınması nəzərdə tutulub.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində ölkə üzrə ötən il 18,2 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb, fındıq bağlarının ümumi sahəsi 55,1 min hektara çatdırılıb. Bildirilib ki, hazırda bölgələrdə 10 min hektara yaxın sahədə yeni bağların salınması üçün işlər davam etdirilir. Yeni fındıq bağlarının salınması üçün Balakən rayonu üzrə 500 min ədəd, Qax rayonunda 240 min ədəd, Qəbələ rayonunda 540 min ədəd, Şəki rayonunda 240 min ədəd, Şabran rayonunda 130 min ədəd ting və pöhrələr hazırlanıb, yeni salınacaq bağlar üçün müvafiq ərazilər müəyyən edilib.
Xatırladaq ki, ötən il barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyev baramaçılıqdan və tütünçülükdən fərqli olaraq fındıqçılığın son illər ərzində Azərbaycanda inkişaf etdiyini, dövlətin bu sahənin də inkişafını öz üzərinə götürdüyünü bildirmişdi: “Düzdür, lazım olan səviyyədə inkişaf etməyib, ancaq əgər statistikaya baxsaq görərik ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idi, 2013-cü ildə bu, 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb. Hazırda 55 min hektarda fındıq bağları salınıb. Bu da onun nəticəsidir ki, dövlət bu sahənin də inkişafını öz üzərinə götürüb. Lazım olan bütün texniki tədbirlər dövlət hesabına aparılıb, xaricdən tinglər gətirilib, Azərbaycanda da yetişdirilib və qısa müddət ərzində çox böyük işlər görülübdür.”
Bununla belə, ölkə başçısı bunun son hədəf olmadığını, fındıq bağlarının sahəsinin 80 min hektara çatdırılacağını vurğulamışdı: “Bu, aparılmış təhlil əsasında formalaşmış real rəqəmdir. Əgər biz 1-2 il ərzində 32 min hektardan 55 min hektara qalxa bilmişiksə, ona görə, 80 min hektarda bağların salınması tam real rəqəmdir. Biz növbəti bir neçə il ərzində buna çatmalıyıq.”
Qeyd edək ki, ötən ilin 11 ayı ərzində fındıq ixracının dəyər ifadəsində qeyri-neft ixracında 105 milyon dolları olmaqla üçüncü yeri tutub. 2016-cı ildə isə bu məhsul qeyri-neft ixracında ilk yerdə qərarlaşmışdı. İtaliya, Rusiya, Almaniya kimi ölkələr başda olmaqla bütövlükdə, 25 ölkəyə fındıq ixrac edilir. Bu ölkələrdə fındığın əsas alıcıları böyük şokolad fabrikləridir. Bu isə onu göstərir ki, dünya bazarlarında fındığa tələbat var, yəni bu məhsul üçün alıcı tapmaq problemi yoxdur. Sadəcə olaraq, əkin sahələrinin genişləndirilməsi və bol məhsul istehsalı ixracı artıra bilər. Məsələ həm də orasındadır ki, Azərbaycanda yetişdirilən fındıq sortları keyfiyyəti ilə seçilir və xarici bazarlarda yüksək qiymətləndirilir.
Hazırda respublikamızda “Ata-baba”, “Yağlı fındıq”, “Gəncə fındığı”, “Əşrəfi fındıq” sortları geniş becərilir. Mütəxəssislərin sözlərinə görə, Azərbaycana məxsus və dünyanın ən keyfiyyətli fındıq növlərindən olan və əsasən Zaqatala, Balakən və Qaxda yetişdirilən “Ata-baba” sortuna dünyada daha çox tələbat var. Bu sort xaricdə Azərbaycan brendi olaraq təbliğ edilir.
Ceyhun Piriyev, “İki sahil”