Vətəni hər şeydən əziz tutub onun yolunda canından keçən qeyrətli oğullarımızdan bir də şəhid mayor Anar Novruzovdur. Masallının Ərkivan qəsəbəsində dünyaya göz açan bu, Vətən sevdalısı Aprel və Tovuz döyüşlərində sözün əsl mənasında tarix yazıb. İndi adı böyük bir xalqın qəhrəmanlıq simvoluna dönərək, dillərdən düşmür.
Anar Tovuz döyüşlərində yağıya qan qusdurub 44 yaşında əbədiyyət adlı dünyasına qovuşub. Cismən aramızdan gedən, ürəklərdə yaşamaqla millətinə iftixar mənbəyi, qürur yeri olan ölümsüz qəhrəman ucaldığı əlçatmaz, ünyetməz zirvələr boyunca yerə nur səpə-sərə yol tutduğu ömrünün 48 ilinə çatdı. Bu münasibətlə masallılılar onun ad gününü keçirtdilər. Belə ki, torpağı qanı bahasına Vətən edən qəhrəman zabitin doğmaları, şəhid ailələri, müharibə iştirakçıları, rayon rəsmiləri, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri uyuduğu müqəddəs yeri ziyarət edib və məzarına təzə güllərdən çələng hörüblər.
Mərasim iştirakçıları Anar Novruzovun sinəsini Vətənə sipər etdiyi İyul döyüşlərinin əhəmiyyətindən , Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük haqq savaşımızda qazanılan Böyük Zəfərdən, şəhid mayorun keçdiyi şərəfli döyüş yolundan qürurla söz açıblar. Həmçinin bildiriblər ki, Anar Vətənin yaşaması, bizim xoşbəxt gələcəyimiz naminə gözünü qırpmada canını fəda edib. O, mənən diri qalaraq ürəklərdə özünə əzəmətli abidə ucaldıb. Qərinələr keçəcək onun doğma Azərbaycana bəslədiyi halal sevgisi gələn nəsillərə də örnək göstərilər. Qəhrəman şəhidimizin ölümü onu torpağa gömülmədi, yeni müqəddəs bir həyat yaşamaq üçün səmada Günəşə döndərdi. İndi adı hər bir azərbaycanlının dilində qürurla çəkilən Anar həm də bizlərə özü kimi qeyrətli, Vətən sevdalı iki övlad yadigar qoyub.
Sonsuz ehtirama, sevgi və məhəbbətə layiq olan şəhid mayor Anar Novruzov Vətən qarşısında borcunu şərəflə yerinə yetirdiyinə və ləyaqətli xidmətə görə müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, ictimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə fəxri fərmanlarla təltif edilib. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. Doğulduğu Ərkivan qəsəbədəki küçələrdən bir onun uca adını daşıyır. Vaxtilə yaşadığı evin qarşısında büstü qoyulub.
Qısa bildirək ki, Masallının şərəfli oğlu orta məktəbi əla qiymətlərlə qurtarıb Bakı Neft Texnikumuna (indiki Neft-Energetika Kolleci) girib. Amma burada 6 ay oxuya bilib. Canına yağ dadanmış yurdunun taleyini düşünməklə orduya gedib. Cəbhə bölgəsində nümunəvi xidməti tez də cəsur əsgərə hörmət qazandırıb. Yaxşı hərbiçi olub düşməndən qisas almaq məqsədilə Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) oxuyub “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 2016-cı ilin Aprel döyüşlərində qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində Vətənin keşiyində durub. Türkiyədə mükəmməl peşəkar təlim keçib. 25 ildən artıq hərb sahəsində çalışıb. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini mükəmməl öyrənib. Siyasi işlər üzrə tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Snayperdən atdığı dəqiq atəşlə erməni dığaların kabusuna çevrilib.
Şəhid mayor Amil Novruzov hər nə edibsə, bu, yalnız canından artıq sevdiyi Vətəninin azadlığı naminə olub...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü