27 may 2024 18:17
556

Dünyanın ən məşhur kitab evləri - FOTO

Ateneo Grand Splendid – Buenos Ayres, Argentina

Argentinanın ən tanınmış və ən çox ziyarət edilən kitabxanası Ateneo Grand Splendid, dövrünün görkəmli memarları tərəfindən bir opera binası olması üçün nəzərdə tutulmuşdur. 1919-cu ilin may ayında açılmış bu bina 1050 yerlik opera binası kimi istifadəyə verilmiş və 2000-ci ilin əvvəlində kitab evinə çevrilmişdir. Təxminən 2 min kvadratmetrlik ərazidə inşa edilmiş El Ateneo Grand Splendid kitabxanasına hər il 1 milyondan çox adam gəlir. Kitabxana ziyarətçilərə minlərlə kitabdan istifadə imkanı verir.

Livraria Ler Devagar – Lissabon, Portuqaliya

Ler Devagar, tərcümədə "sakit oxumaq" deməkdir, Alkantaradakı tərk edilmiş sənaye ərazisində yerləşir. Binanın həm kitab mağazası, həm də konsept mağazası, rəsm qalereyası və internet kafedən ibarət kompleks struktur olduğunu söyləyə bilərik. Əvvəllər tekstil atelyesi olan, hazırda isə kitabxana kimi fəaliyyət göstərən binada bazar günləri antik əşyalar və əl işləri satılır.

Livraria Lello e Irmao - Porto, Portuqaliya

Bu kitabxana ilə Harri Potter pərəstişkarlarının çoxu tanışdır. Portolu şagirdlərin mantiyalalı məktəbli formalarından ilhamlanan yazıçı Coan Roulinq Harri Potter romanını bu kitab evindən təsirlənərək yazıb.  Harri Potter filmlərinin bir çoz səhnəsində bu kitab evinə rast gəlinir. 1800 -cü illərin sonlarına yaxın qurulan Livraria Lello e Irmao, sütunları, naxışlı divarları ilə incəsənətin və tarixin ən gözəl şəkildə əks olunduğu kitab evlərindən biridir.

Libreria Acqua Alta - Venesiya, İtalya

2004-cü ildə qurulan Libreria Acqua Alta, ikinci əl kitab evinə bənzəyən  görünüşə malikdir. Acqua Alta çox böyük ziyarətçi bazasına malikdir. Bu istifadəçilərin yarısı venesiyalılar, digər yarısı isə Venesiyaya gələn turistlərdir. Kitab evinin sahibi Luici Frizzo çox səxavətlidir. Ziyarətçilər ilə yaxşı ünsiyyət qurur və gələnlərə hədiyyələr verməyi də unutmur.

Shakespeare and Co - Paris, Fransa

Shakespeare and Company Parisdə yerləşən müstəqil kitab evidir. Burada kitarblar həm satılır,  həm də kirayə verilir. Kitab evində ingilis ədəbiyyatından materiallar üstünlük təşkil edir. Buranı vaxtilə Ernest Heminquey, Ezra Paund, Frensis Skott Fitscerald, Gertrude Stein və Ceyms Coys kimi bir çox yazıçı tez-tez ziyarət edib. Hətta Ceyms Coysun əvvəlcə ABŞ və Böyük Britaniyada qadağan olunmuş “Uliss” romanı ilk dəfə bu kitab mağazasında çap olunub. Bu kitab mağazası “Günəş batmazdan əvvəl” filminin açılış səhnəsində görüntülənib.  Həmçinin burada “Parisdə gecə yarısı” filmindən bir səhnə çəkilib.

Nigar Orucova, “İki sahil”