28 may 2024 13:53
277

Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verirdi

Yüz dörd il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərləri və Şərq mədəniyyətini birləşdirən yeni dövlət nümunəsi idi. Həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın müstəqilliyinin rəsmi olaraq tanınması, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması, ərazi bütövlüyünün təmin edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, xalqın maariflənməsi üçün məktəblərin, yaşlılar üçün savad kurslarının, türk olmayan xalqlar üçün türkdilli kursların açılması, 1919-cu ildə Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması, məktəblər üçün dərsliklərin hazırlanması, onlarla qəzet və jurnalların nəşr olunması, iqtisadi islahatların aparılması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Dünyanın 50 il sonra əldə edə bildiyi dövlət quruluşunu Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ayda yaratdı.

Ulu Öndər Heydər Əliyev bu respublikanın yaranmasını belə xarakterizə etmişdir: «Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, o dövrdə öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində olsa belə şərəflə yerinə yetirmişdir».

Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən ümummilli lider Heydər Əliyev hələ sovet dövründə - 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun başlanğıcı oldu. Xalqın çağırışı ilə 1993-cü ildə respublikaya rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycan milli dövlətçiliyi yenidən süquta uğramaq təhlükəsindən xilas oldu.

Müstəqilliyimizin Heydər Əliyev dövrü həm də ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, demokratik hüquqi dövlət quruculuğunun geniş vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, ölkəmizin hərtərəfli köklü islahatlar aparılmaqla daimi yüksəliş yoluna çıxması və gələcək inkişaf strategiyasının müəyyən edilməsi ilə səciyyələnir.

Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərinə, onun ənənələrin yaşadılmasına daim yüksək önəm vermiş, Cümhuriyyətin fəaliyyəti barədə respublikada çoxsaylı elmi konfranslar təşkil olunmuş, arxiv materialları öyrənilərək Cümhuriyyət tarixinə dair dəyərli əsərlər nəşr edilmiş, əhali arasında onun müstəqil, demokratik dövlət quruculuğu ilə bağlı gördüyü işlər geniş təbliğ olunmuş, Cümhuriyyətə abidə ucadılmış, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilmişdir. 

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: «Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır».

Bu gün Ulu Öndərin ideyaları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi onun milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. Prezidentin tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Anar Məmmədov,

Milli Məclisin deputatı